TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



AZƏRBAYCANIN İRAQDAKI SÜLHMƏRAMLILARI VƏTƏNƏ QAYITMIŞLAR

AzərTAc xəbər verir ki, Azərbaycanın İraqdakı 150 sülhməramlısı dekabrın 7-də Vətənə qayıtmışdır. Onların 14-ü zabit, 16-sı gizir, 120-si isə əsgərdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında sülhməramlıları ABŞ-ın və İraqın Azərbaycandakı səfirləri Ann Ders, Ərşad Ömər İsmayıl, Müdafiə Nazirliyinin nümayəndələri və digər şəxslər qarşılamışlar.
Azərbaycan sülhməramlılarından ibarət bölük İraqın Əl-Anbar vilayətinin Əl-Hədithə şəhəri yaxınlığında su anbarını və ölkə ərazisinin 30 faizini elektrik enerjisi ilə təmin edən Su Elektrik Stansiyasını mühafizə etmiş, enerji obyektinin nəzarət-buraxılış məntəqələrində post-patrul xidmətində olmuşlar.
Bölük komandiri mayor Murad Eyyubov əsgər və zabitlərimizin xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini söyləyərək bildirmişdir ki, sülhməramlılarımız İraqda Azərbaycanı layiqincə təmsil etmişlər. Bizim əsas vəzifəmiz orada Su Elektrik Stansiyasının mühafizəsindən, burada işləyən mülki işçilərin və avtomobillərin yoxlanılması, patrul xidmətinin aparılması, Fərat çayının üzərindəki körpüdən keçən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsindən ibarət olmuşdur. Eyni zamanda burada yerləşən Koalisiya Qüvvələrinin təhlükəsizliyini də təmin etmişik. Bölüyümüz xidməti vəzifəsini yüksək səviyyədə yerinə yetirmişdir. Bölüyün şəxsi heyəti 3 medal, 163 fəxri fərman alaraq Vətənə qayıtmışdır. Bu da Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblərə cavab verməsini və yüksək nizam- intizamlı olmasını göstərir.
Bölük komandiri bildirmişdir ki, biz Koalisiya Qüvvələrinin komandanlığı ilə tez-tez görüşmüşük və hər dəfə onlar bizim bölüyün yüksək nizam-intizamını və döyüş bacarığını qeyd etmişlər.
İraqda Azərbaycanı layiqincə təmsil etdiklərini deyən baş leytenant Rəfael Mahmudov bildirmişdir ki, əsgəri borcumuzu Vətəndən uzaqlarda yerinə yetirsək də Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını həmişə hiss etmişik və bu bizə ruh yüksəkliyi vermişdir.
Peşəkarlığa və üstün xidmətə, tapşırıqları vaxtında yerinə yetirdiklərinə, yüksək döyüş hazırlığı və mənəvi keyfiyyətlər, eləcə də nizam-intizam nümayiş etdirdiklərinə görə Azərbaycan sülhməramlıları dəfələrlə fəxri diplomlarla təltif olunmuş, komandanlıq tərəfindən digər mükafatlara layiq görülmüşlər.
ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders bildirmişdir ki, Azərbaycan sülhməramlıları İraqda böyük bir işin öhdəsindən layiqincə gəlmişlər. Mən ABŞ-ı təmsil edən Dəniz Piyadaçıları ilə danışıqlarımda Azərbaycan əsgərlərinin həqiqətən də dünya səviyyəsində bir iş gördüklərini öyrəndim. Azərbaycan belə əsgərləri olduğuna görə qürur hissi duymalıdır.
İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayıl ölkəsində şərəflə xidmət edən Azərbaycan əsgərlərini təbrik etmişdir. O, İraqın mühüm əhəmiyyətə malik obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, Milli Məclis səlahiyyət müddəti başa çatdığına görə bu ilin noyabrında "Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında" Qərar qəbul etmişdir.

 
  TKA 2008