TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



ALMANİYA MƏKTƏBLƏRİNDƏ ALMAN DİLİNDƏ İSLAMIN ƏSASLARININ TƏDRİSİNƏ BAŞLANMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyada İslamın əsaslarının alman dilində tədrisi üzrə dövlət proqramı həyata keçirilir. 2008-ci ilin mart ayında Almaniyadakı islam təşkilatları belə bir təşəbbüs irəli sürmüş və federal hökumət onu bəyənmişdir.
Din yeganə tədris fənnidir ki, Almaniya məktəblərində onun tədrisi ilə bağlı AFR Konstitusiyasında müddəa vardır.
Hazırda Almaniyada 3,5 milyon müsəlman yaşayır. Onların 20 faizi məktəb yaşlı uşaqlardır. Dini etiqad azadlığı bütün konfessiyalar üçün bərabər hüquqlara zəmanət verdiyinə görə, federal hökumət başa düşür ki, dövlət müsəlman ailələrindən olan uşaqlar üçün məktəblərdə İslamın əsaslarının tədris olunmasını təmin etməlidir.
Almaniyada xristian dininin tədrisi proqramını katolik və yevangelist kilsələr müəyyən edir, bu fənni tədris edən müəllimləri də həmin kilsələr hazırlayır. İslamın tədrisi sahəsində isə vəziyyət bir qədər mürəkkəbdir. Məsələ bundadır ki, islamda vahid ruhani təşkilat mövcud deyil, təriqətlərin sayı isə çoxdur. Buna görə də Almaniyada fəaliyyət göstərən çoxsaylı müsəlman təşkilatlarının əksəriyyəti öz aralarında dil tapa bilmir və onların hər biri Almaniyadakı bütün müsəlmanların yeganə təmsilçisi roluna iddialıdır. Məsələnin həlli məqsədi ilə ən iri müsəlman ittifaqlarından dördü "Almaniya müsəlmanlarının əlaqələndirmə şurası" yaratmışdır, lakin hələlik ümumi platforma hazırlanması işi tamamlanmamışdır.
2008-ci ilin mart ayında islami məsələlər üzrə 3-cü konfransda Almaniya məktəblərində İslamın tədrisini tənzimləmək və genişləndirmək üçün cəhd edilmişdir. Müsəlman cəmiyyətləri və federal hökumət nümayəndələrinin iştirak etdikləri bu cür konfranslar Almaniyanın daxili işlər naziri Volfqanq Şoyblenin himayəsi ilə müntəzəm keçirilir və həmin konfranslarda Almaniya müsəlmanlarının cəmiyyətə inteqrasiyası problemləri müzakirə edilir. Volfqanq Şoyble müsəlmanları vahid mövqe formalaşdırmağa çağırır və xatırladır ki, Konstitusiyaya görə dövlət dini təhsilin məzmununun müəyyən edilməsi və müəllimlərin təyin edilməsi məsələlərini dini birliklərlə razılaşdırmadan həll edə bilməz. Federal hökumət və federal əyalətlərin hökumətləri isə islam dərslərinin alman dilində keçilməsində israrlıdırlar və hesab edirlər ki, yalnız belə olduğu halda təhsilə dövlət nəzarəti təmin edilə bilər.
Mənşəcə alman olan, yetkin yaşda islam dinini qəbul etmiş Yorq İmran Şryoter Karlsrue Pedaqoji İnstitutunda məktəblərdə islam dərslərini deyəcək müəllimlər hazırlayır. Onun fikrincə, islamın alman dilində tədris edilməsi miqrantların çoxmillətli Almaniya cəmiyyətinə inteqrasiyası üçün də zəruridir.
Mövcud çətinliklərə baxmayaraq, müəyyən uğurlar qazanılmışdır. 2008-2009-cu tədris ilinin əvvəlində 5-ci və 6-cı sinif şagirdləri üçün alman dilində islama aid ilk dərslik çapdan çıxmışdır. İbtidai və yuxarı sinif şagirdləri üçün islam dərslikləri və dərs vəsaitləri hazırlanır. Lakin müəllimlər çatışmır. Bu gün bütün Almaniyada ən azı 3.000 islam müəllimi tələb edildiyi halda, təxminən 150 müəllim vardır. Hazırda ölkənin bir neçə universitetində və pedaqoji institutlarda islam ilahiyyatı və pedaqogikası bölmələri açılmışdır.

 

 
  TKA 2008