TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi Tokionun Mequro rayonunda yerləşən “Presimmon Hall” konsert zalında möhtəşəm qala-konsertlə başa çatıb. AZƏRTAC xəbər verir ki, türk dünyasını təmsil edən 12 ölkədən 50 artistin iştirakı ilə təşkil edilən konsert proqramı yapon tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Noyabrın 20-də təşkil olunan qala-konsertdə əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək qonaqları salamlayıb. Qeyd edib ki, TÜRKSOY-un yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən Yaponiya turnesi artıq on gündür davam edir. Noyabrın 13-də Yaponiya İncəsənət Universitetində, 14-də Kavasaki, 15-də Yokohama, 16-da Akasaka, 18-də Hamamtsu şəhərlərində təşkil edilən konsertlərdə bütün türk dünyasını əhatə edən mahnı və rəqslər nümayiş etdirilib. TÜRKSOY təşkilatının yaranması və tarixi haqqında məlumat verən D.Kaseinov qeyd edib ki, təşkilatın məqsədi türk mənşəli xalqların birliyini gücləndirmək, bu xalqların qədim, zəngin mədəniyyətini dünyaya tanıtmaq və eləcə də gələcək nəsillərə çatdırmaqdan ibarətdir. “Bu baxımdan 2016-cı ildə TÜRKSOY tərəfindən türk mənşəli xalqların musiqiçilərindən ibarət xalq çalğı alətləri orkestrinin yaradılması bizim ümumi mədəniyyətimizi, adət-ənənələrimizi bütün dünyada tanıtmaq üçün vacib rol oynayır. TÜRKSOY-un xalq çalğı alətləri orkestri türkmənşəli xalqlardan - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Muxtar respublikalarından Altay, Tatarıstan, Başqırdıstan, Xakasiya, Tuva, Saxa-Yakutiya, həmçinin Monqolustan və Qaqauziyadan (Moldova) olan ifaçıları özündə birləşdirərək, bir konsertlə bütün dünyanı vahid türk mədəniyyətinə qovuşdurur. Orkestrin ifaçıları türk dünyasının müxtəlif xalqlarına məxsus peşəkar solistlərdən və rəqqaslardan ibarətdir”,- deyə baş katib vurğulayıb. D.Kaseinov qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin Tokiodakı səfirliklərinin dəstəyi ilə təşkil edilən Yaponiya turnesi zamanı nümayiş etdirilən konsertlər yapon musiqisevərlərin böyük diqqətinə və marağına səbəb olub. Baş katib təşkilatın yubileyi ilə əlaqədar turnenin təşkilinə göstərilən köməyə görə Yaponiya hökumətinə, konsertlərin keçirildiyi şəhərlərin meriyalarına və türk mədəniyyətinə böyük diqqət və marağa görə isə yapon tamaşaçılara minnətdarlığını bildirib. Azərbaycanlı musiqiçilər - Muğam televiziya müsabiqəsinin laureatı Babək Quliyevin, Rasim Zərbəliyevin (tar), beynəlxalq müsabiqələr laureatı Şəhriyar Musayevin (kamança), Azərbaycanın Əməkdar artisti Çinarə Heydərovanın (kanon) və Elnur Əliyevin (nağara) də qatıldığı konsert proqramı ümumilikdə 2 saata yaxın davam edib və yapon musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanlı musiqiçilərin ifa etdiyi “Qarabağ şikəstəsi”, H.Rzayevin “Çahargah rapsodiyası”, Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnıları tamaşaçıların alqışlarına səbəb olub. AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə konsert barədə təəssüratlarını bölüşən Tokio Universitetinin professoru Akira Matsunaqa, “Otto” restoranlar şəbəkəsinin meneceri Kimizuka Hiroyuki və “Neos-ai land” şirkətinin meneceri Neo Suqiura bildiriblər ki, TÜRKSOY-un 25 illik yubileyi münasibətilə təşkil edilən qala-konserti böyük məmnuniyyətlə izləyiblər. Həm azərbaycanlı, həm də digər türkmənşəli xalqların milli musiqisi həzinliyi və gözəlliyi ilə onları heyran edib. Bu xalqlar eyni mənşədən olsalar da, musiqilərindəki rəngarənglik, çalarlar çox valehedicidir. Təqdim etdikləri gözəl musiqi axşamına görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Yaponiya turnesinin yekunları barədə fikirlərini bölüşən TÜRKSOY-un baş katibi D.Kaseinov isə deyib: “Düşünürəm ki, turne zamanı təşkil edilən konsertlər həm tamaşaçılar, həm də artistlər tərəfindən razılıqla qarşılandı, hər iki tərəf bu bayramdan böyük zövq aldı. Fikrimcə 10 gün davam edən konsertlər ərzində yapon musiqisevərlərə böyük türk musiqisi - qazax köyü, Azərbaycan muğamı, qırğız dastanı, türk rəqsləri və hətta Sibir xalqlarının mədəniyyəti barədə kifayət qədər məlumat verə bildik. Bu gün isə Tokionun ən böyük zallarından birində çoxsaylı tamaşaçıları bir araya gətirməyə nail olduq. Özünüz də şahidi oldunuz ki, çox böyük olmasına baxmayaraq, zalda yer yox idi, biz ehtiyat edirdik ki, birdən qonaqların sayı oturacaqların sayından çox olar və biz pis vəziyyətə düşərik. Səmimi deyim ki, bir çox hallarda, xüsusən də xarici səfərlərdə belə halla qarşılaşmaq çətindir. Turnenin yüksək səviyyəli təşkilinə görə, iştirakçı səfirliklərə, təşkilatçılara bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən yapon tamaşaçıların gözlərində türk mədəniyyətinə böyük marağı gördüm və düşünürəm ki, bu gələcək əməkdaşlıq üçün xoş zəmin yaradır. Gələn görüşlərədək”.
 
  TKA 2008