TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
“XALQLA YAŞANAN ÖMÜR” MÖVZUSUNDA “DƏYİRMİ MASA”

 

AzərTAc xəbər verir ki, dekabrın 10-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində "Xalqla yaşanan ömür" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
GB-nin sədri Ramil Həsənov çıxışında demişdir ki, tədbir ümummilli liderimiz Heydər Əliyevin vəfatının 5-ci ildönümünə həsr olunmuşdur. Məqsəd ulu öndərin həyat və fəaliyyəti ilə bağlı məlumatları, ümummilli liderimizin siyasi irsini gənclərə çatdırmaqdır. YAP GB-nin üzvlərinin Heydər Əliyev Fondunda dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqlarını diqqətə çatdıran R.Həsənov qeyd etmişdir ki, bu cür tədbirlər dekabrın 15-dək davam edəcəkdir. Rayonlarda 30-a yaxın "dəyirmi masa"nın, müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdə Milli Məclisin deputatları da iştirak edəcəklər.
R.Həsənov bildirmişdir ki, bu tədbirin Azərbaycanda Atatürk Mərkəzində keçirilməsi də təsadüfi deyildir. Məqsədimiz XX əsrin əvvəllərində türk dünyasının lideri olmuş Atatürkün adını daşıyan Mərkəzdə həmin əsrin sonlarında dünya türklərinin lideri olan Heydər Əliyevin anma mərasiminin keçirilməsi gənclərə bu iki tarixi şəxsiyyət barədə ətraflı məlumat verməkdir.
Sonra YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat vermişdir. O demişdir ki, məhz Heydər Əliyevin əməyi və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqilliyi dönməz və əbədi olmuş, ölkəmiz dünya birliyində layiqli yerini tutmuşdur. Xalqının gələcəyini düşünən ulu öndər gənclərə daim xüsusi diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin hələ Sovetlər birliyi dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa göndərməsi xoşbəxt gələcəyə istiqamətlənmiş bir siyasət idi. Bu gün də bu siyasət uğurla davam etdirilir. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyev də gənclərimizin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasına xüsusi qayğı göstərir.
Sonra YAP Gənclər Birliyinin üzvləri çıxış etmişlər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs olunmuşdur.
Natiqlər, hər il fevral ayının 2-də respublikamızda Gənclər forumunun keçirilməsini, Gənclər gününün qeyd olunmasını, gənclərimizin xarici ölkələrdə təhsil alması üçün xüsusi dövlət proqramlarının həyata keçirilməsini onlara, ölkəmizin gələcəyinə yönəlmiş qayğının bariz nümunəsi olduğunu söyləmişlər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanmışdır.
 
İSTANBULDA TANINMIŞ İNSANLARIN HƏYATI SİLSİLƏSİNDƏN “HEYDƏR ƏLİYEV” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏKDİR

AzərTAc xəbər verir ki, dekabrın 12-də İstanbulda tanınmış insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimat mərasimi keçiriləcəkdir. Mərasimdə Milli Məclisin deputatları Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov və Hüseynbala Mirələmov iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində deputatlarımız ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlərə qatılacaqlar.
Səfər dekabrın 13-də başa çatacaqdır.

 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QƏTƏRİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Qətər dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Taninin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Şeyx Mübarək bin Fəhd Casim Al Tani etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Şeyx Mübarək bin Fəhd Casim Al Tani Qətər dövlətinin əmiri Həməd bin Xəlifə Al Taninin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı. Səfir etimadnaməsini qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ölkəmizə səfir təyin olunmasından böyük şərəf duyduğunu deyən diplomat Azərbaycan Prezidentini əmin etdi ki, səfirlik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcəkdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını qeyd edən Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin gələcək inkişafı üçün böyük imkanların olduğunu dedi. Səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayan dövlətimizin başçısı əminliklə bildirdi ki, şeyx Mübarək bin Fəhd Casim Al Taninin respublikamızda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələr daha da genişlənəcəkdir.

 

 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ ÖLKƏMİZDƏKİ SƏFİRLİYİNDƏ OLMUŞDUR

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olmuşdur.
Dövlətimizin başçısı Moskvanın və bütün Rusiyanın Patriarxı, Zati-müqəddəsləri II Aleksinin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermiş, xatirə kitabına ürək sözlərini yazmışdır.

 
AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİ İNKİŞAF ETDİRİLİR

AzərTAc xəbər verir ki, dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elm Fondunun (AMEF) "Elm, texnologiya və sahibkarlıq" proqramı çərçivəsində biznes vençur (riskli investisiya) konfransı keçirilmişdir.
AMEF-in direktoru Fuad İsmayılov AMEA-nın, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun (MTİF) dəstəyi ilə həyata keçirilən proqram barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda artıq üçüncü dəfə həyata keçirilən proqramın məqsədi respublikamızın sosial-iqtisadi inkişafı üçün ölkə alimlərinin potensialından, elmin nailiyyətlərindən istifadə etməklə elmlə iqtisadiyyatın vəhdətini təmin etmək, elmi ideyaların, işləmələrin istehsalatda tətbiqinin təşkili yollarını müəyyənləşdirməkdir. Layihənin birinci hissəsi bu il iyulun 15-də "Azərbaycanda innovasiya sahibkarlığının dəstəklənməsi" mövzusunda keçirilmiş elmi-praktiki konfransla başa çatmışdır. Həmin tədbirdə alimlərin innovasiya yönümlü layihələri üzrə məruzələri dinlənilmiş, onların iş adamları ilə görüşləri olmuşdur. Yaranmış işbirliyi əsasında alimlərin hazırladıqları 20 yeni biznes layihəsindən 10-u yarımfinal mərhələsinə buraxılmışdır. Münsiflər heyətinin son mərhələdə seçəcəyi beş layihə isə MTİF-in qrantını alacaqdır.
MTİF-in proqram meneceri Natalia Pipia bildirmişdir ki, təşkilatın əsas məqsədi beynəlxalq elmi və texniki əməkdaşlığı, xüsusən də ABŞ və Avrasiya arasında mövcud əməkdaşlığı qrantlar, texniki yardım və məşğələlər vasitəsilə inkişaf etdirməkdir. Bugünkü konfrans biznes sahəsində birgə əməkdaşlıq və investisiya kimi məsələlərə dəstək məqsədilə təşkil olunmuşdur. Qaliblər nəticələr əldə edildikdən sonra elan olunacaqdır. Bununla da biznes və texnologiya mütəxəssisləri arasında şəbəkənin qurulması istiqamətində ilk addım atılacaqdır.
Sonra "Neftli-qazlı yataqlardakı süxurların məhsuldarlıq səviyyəsinin proqnozu", "Yeni külək elektrik qurğusu", "Azərbaycan dilində nitqin sintezi sisteminin yaradılması", "İnnovasiya sahibkarlığının inkişaf etdirilməsində fərdi elektron-kommersiya texnologiyalarının tətbiqi sisteminin təkmilləşdirilməsi və həmin sahədə müvafiq təlim kurslarının, konsaltinq xidmətlərinin həyata keçirilməsi", "Azərbaycan fermerlərinə kömək: kənd təsərrüfatı bitkilərində xəstəliklərin molekulyar diaqnostikası, torpaqda və məhsulda radionuklid tərkibinin tədqiqi" və s. mövzularda layihələrin təqdimatı olmuşdur.

 

 
<< Başlat < Önceki 1741 1742 1743 1744 1745 1746 1747 1748 1749 1750 Sonraki > Son >>

Sayfa 1746 > 1751
  TKA 2008