TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
FİNLANDİYA AZƏRBAYCAN İLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR

Finlandiya Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Finlandiyanın Azərbaycandakı səfiri Petri Salo bildirmişdir.
Onun dediyinə görə, Finlandiyanın öz karbohidrogen ehtiyatı yoxdur və neft məhsullarına olan ehtiyacını beynəlxalq bazarlar hesabına ödəyir.
Diplomat demişdir: "Hazırda Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda müəyyən çətinliklər vardır. Ölkələrimiz coğrafi baxımdan bir-birindən uzaqda yerləşirlər və ümumi kommunikasiya əlaqəsinə malik deyillər. Ancaq gələcəkdə Azərbaycan nefti Odessa-Brodı-Qdansk boru kəməri vasitəsilə Baltik dənizinə nəql ediləcəkdir".
P.Salo bildirmişdir ki, Finlandiya Xəzər dənizinin enerji ehtiyatlarının Avropa İttifaqı ölkələrinə nəqli məsələsində Azərbaycanı və digər Xəzəryanı dövlətləri dəstəkləyir. Finlandiyanın bir çox iş adamları Azərbaycan ilə həm də neft sahəsində əməkdaşlıq etmək niyyətindədirlər. Lakin birbaşa aviareysin olmaması bunu çətinləşdirir.

 
AVROPA İTTİFAQI ŞƏRQ TƏRƏFDAŞLIĞI KONSEPSİYASINI 2009-CU İLİN APRELİNDƏ QƏBUL EDƏ BİLƏR

AzərTAc xəbər verir ki, Avropa İttifaqı Şurasının dekabrın 13-də Brüsseldə keçirilmiş yüksək səviyyədə iclasında Aİ Nazirlər Şurasına "Şərq tərəfdaşlığı" konsepsiyasını hazırlamaq barədə tapşırıq verilmişdir. Konsepsiya Aİ ölkələrinin dövlət və hökumət başçılarının 2009-cu ilin aprelində keçiriləcək növbəti zirvə toplantısında müzakirə və təsdiq edilməlidir.
Bu tapşırıq sammitin yekun bəyannaməsinin Aİ ilə Şərqi Avropanın altı ölkəsi - Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafına dair yeni təşəbbüslə əlaqədar olan yeganə - 28-ci bəndində şərh edilmişdir.
Şərq tərəfdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli əsasda Avropa qonşuluq siyasəti çərçivəsində Şərqdəki tərəfdaşlara münasibətdə Avropa İttifaqının siyasətini möhkəmlətməli, Avropa İttifaqının öz qonşuları ilə münasibətlərində mövcud olan başqa, məsələn, Qara dəniz əməkdaşlığı kimi, (Black Sea Synergy) əməkdaşlıq formalarını tamamlamalıdır. Sənəddə deyilir ki, "Şərq tərəfdaşlığı" tərəfdaş ölkələrin sabitliyinə və Avropa İttifaqı istiqamətində irəliləməsinə yardım yolu ilə onların islahatlar prosesində tərəqqiyə nail olmalarına kömək etməlidir".
Xatırladaq ki, dekabrın 3-də Avropa Komissiyası bu ilin may ayında təqdim edilmiş və iyun ayında Avropa Şurasının iclasında (Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında) bəyənilmiş "Şərq tərəfdaşlığı" adlı Polşa-İsveç təşəbbüsünə dair təkliflərini vermişdir.
Avropa Komissiyasının nümayəndəliyinin rəhbəri Joze Manuel Pintu Teyşeyra Kiyevdə jurnalistlərə bildirmişdir ki, bu proqramda Avropa perspektivləri nəzərdə tutulmasa da, onda müəyyən müsbət məqamlar var. O demişdir ki, Aİ bu proqrama qoşulacaq ölkələrlə İnstitusional inkişafa dair kompleks proqramın həyata keçirilməsi üçün dialoqu intensivləşdirmək niyyətindədir. Bu, ümumi çağırışların həlli gedişində bütün tərəfdaşların səylərini birləşdirməyə imkan verəcəkdir.

 
ATƏT QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRƏCƏKDİR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 16-da Azərbaycan-Ermənistan qoşunlarının Xocavənd rayonunun Veysəlli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.

 
AZƏRBAYCAN NÜMAYƏNDƏSİ MOLDOVADAN - HÖKUMƏTLƏRARASI ŞURANIN İCLASINDANQAYITMIŞDIR

Xəbər verildiyi kimi, Moldovanın paytaxtı Kişinyov şəhərində MDB-nin Aqrar-Sənaye Kompleksinin Hökumətlərarası Şurasının iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasını kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov təmsil etmişdir.
A.Aslanov AzərTAc-a bildirmişdir ki, iclasda əsasən MDB üzvü olan ölkələrin ərzaq təhlükəsizliyinin qorunması, onların şəkər bazarının yaradılması, formalaşdırılması, bu dövlətlər arasında meyvə-tərəvəz, kartof məhsullarının mübadiləsinin aparılması, yaşil dəhlizin yaradılması və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndəsi çıxışında dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2008-ci il sentyabrın 25-də "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın imzalandığını bildirmiş və göstərmişdir ki, ölkədə aqrar islahatların yeni dövrü başlamışdır. Qeyd edilmişdir ki, aqrar sahədə məhsul istehsalının həcminin artması ilə yanaşı, keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, ixrac imkanlarının artırılması, məhsuldarlığın yüksəldilməsi və səmərəliliyinin artırılması da nəzərdə tutulmuşdur. O, ölkə başçısı tərəfindən 2004-cü il oktyabrın 23-də MDB-də ilk dəfə olaraq Azərbaycanda "Aqrolizinq" ASC yaradılması barədə fərman imzalandığını qeyd etmiş, "Aqrolizinq" ASC-nin yerlərdə 55-dən çox servis xidmətlərinin yaradıldığını diqqətə çatdırmışdır. Məlumat vermişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağa, motor yağlarına görə hər hektara 40 manat (buğda və çəltiyə 80 manat) verilir və mineral gübrələrin dəyərinin 50 faizi dövlət vəsaiti hesabına ödənilir. Bütün bunlar MDB ölkələri nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan təmsilçisi 2015-ci ilədək dövrü əhatə edən Ərzaq Təhlükəsizliyinə dair Dövlət proqramında nəzərdə tutlmuş əsas hədəfləri qeyd edərək 2015-ci ilə respublikada taxıl istehsalının 2,8 milyon tona, hər hektarın məhsuldarlığının 32 sentnerə, kartof istehsalının 1 milyon 120 min tona, tərəvəz-bostan məhsulları istehsalının 1,72 milyon tona, yağlı bitkilərin əkin sahəsinin 135 min hektara, yem bitkilərinin əkin sahəsinin 500 min hektara, ət istehsalının 340 min tona, süd və süd məhsulları istehsalının 2,4 milyon tona, quş əti istehsalının 80 min tona çatdırılacağını vurğulamışdır.

 
AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASINA TƏLƏBƏ QƏBULU BAŞLANACAQDIR

AzərTAc xəbər verir ki, dekabrın 15-dən Azərbaycan Diplomatik Akademiyasına tələbə qəbulu başlanacaqdır. Beynəlxalq münasibətlər və diplomatiya ixtisasları üzrə magistraturaya qəbul elektron ərizə ilə aparılacaqdır.
Magistratura proqramına 2009-2010-cu tədris ili üçün 25 tələbə qəbul olunacaq, bunların da 25 faizini xarici tələbələr təşkil edəcəkdir.
Diplomatik Akademiyada magistraturaya ali təhsilli, bakalavr pilləsini yeni bitirən tələblər, o cümlədən də bu sahədə təcrübəsi olan vətəndaşlar sənəd verə bilərlər.
Tələbələr ABŞ-ın aparıcı universitetlərinin təcrübəsini öyrənəcəklər. Tələbə qəbulu üzrə direktor vəzifəsini isə amerikalı ekspert Cenis Austin icra edəcəkdir. C.Austin demişdir ki, Akademiya məzunlara gələcəkdə karyera qurmaqda da yardımçı olacaqdır. Magistraturanın birinci kursunu bitirən tələbələr bu mərhələdən sonra təcrübə mübadiəsinə göndəriləcəklər. Tələbələr beynəlxalq təhlükəsizlik və münaqişələrin həlli üzrə ixtisas alacaqlar.
Qəbul fevralın 27-də başa çatacaqdır. Dərslər isə gələn ilin sentyabrında başlayacaqdır.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1733 > 1744
  TKA 2008