TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN DAHA SƏKKİZ “ BOEING ” TƏYYARƏSİ ALMAĞI PLANLAŞDIRIR

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov AzərTAc-a bildirmişdir ki, ölkənin mülki aviasiya parkının 90 faizini ən müasir laynerlər təşkil edir.
A.Məmmədov demişdir ki, yaxın 3 ildə ölkənin aviasiya parkı ən müasir təyyarələrlə yenilənəcəkdir: "Hazırda aviasiya parkında keçmiş sovet istehsalı olan 2-3 təyyarədən istifadə olunur. Yaxın 3 il ərzində ölkəyə daha 8 "Boeing" gətiriləcəkdir. Bununla da, sovet texnikasından tam imtina olunacaqdır".
A.Məmmədov onu da bildirmişdir ki, Azərbaycanda mülki aviasiya təhlükəsizliyinə tam riayət olunur. Bu sahədə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur.

 
ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİ TÜRKİYƏDƏ

AzərTAc xəbər verir ki, Türkiyədə "Çağdaş Azərbaycan şeiri" antologiyası nəşr edilmişdir.
Toplu Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Gənc yazarlara dəstək" layihəsi çərçivəsində çap olunmuşdur.
Layihənin rəhbəri DGTYB-nin sədri Əkbər Qoşalıdır.
Nəfis tərtibatla oxuculara təqdim olunan antologiya Avrasiya Yazarlar Birliyinin nəzdində fəaliyyət göstərən "Bəngü" nəşriyyat evində çap olunmuşdur. Topluya qırx üç azərbaycanlı şairin şeirləri daxil edilmişdir.
Şeirləri Türkiyə türkcəsinə Rəsmiyyə Sabir, Oqtay Hacımusalı və Namiq Hacıheydərli çevirmişlər.
DGTYB 2009-cu ildə antologiyanın ikinci cildini nəşr etməyi planlaşdırır.

 
FİNLANDİYA AZƏRBAYCAN İLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR

Finlandiya Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Finlandiyanın Azərbaycandakı səfiri Petri Salo bildirmişdir.
Onun dediyinə görə, Finlandiyanın öz karbohidrogen ehtiyatı yoxdur və neft məhsullarına olan ehtiyacını beynəlxalq bazarlar hesabına ödəyir.
Diplomat demişdir: "Hazırda Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda müəyyən çətinliklər vardır. Ölkələrimiz coğrafi baxımdan bir-birindən uzaqda yerləşirlər və ümumi kommunikasiya əlaqəsinə malik deyillər. Ancaq gələcəkdə Azərbaycan nefti Odessa-Brodı-Qdansk boru kəməri vasitəsilə Baltik dənizinə nəql ediləcəkdir".
P.Salo bildirmişdir ki, Finlandiya Xəzər dənizinin enerji ehtiyatlarının Avropa İttifaqı ölkələrinə nəqli məsələsində Azərbaycanı və digər Xəzəryanı dövlətləri dəstəkləyir. Finlandiyanın bir çox iş adamları Azərbaycan ilə həm də neft sahəsində əməkdaşlıq etmək niyyətindədirlər. Lakin birbaşa aviareysin olmaması bunu çətinləşdirir.

 
AVROPA İTTİFAQI ŞƏRQ TƏRƏFDAŞLIĞI KONSEPSİYASINI 2009-CU İLİN APRELİNDƏ QƏBUL EDƏ BİLƏR

AzərTAc xəbər verir ki, Avropa İttifaqı Şurasının dekabrın 13-də Brüsseldə keçirilmiş yüksək səviyyədə iclasında Aİ Nazirlər Şurasına "Şərq tərəfdaşlığı" konsepsiyasını hazırlamaq barədə tapşırıq verilmişdir. Konsepsiya Aİ ölkələrinin dövlət və hökumət başçılarının 2009-cu ilin aprelində keçiriləcək növbəti zirvə toplantısında müzakirə və təsdiq edilməlidir.
Bu tapşırıq sammitin yekun bəyannaməsinin Aİ ilə Şərqi Avropanın altı ölkəsi - Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafına dair yeni təşəbbüslə əlaqədar olan yeganə - 28-ci bəndində şərh edilmişdir.
Şərq tərəfdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli əsasda Avropa qonşuluq siyasəti çərçivəsində Şərqdəki tərəfdaşlara münasibətdə Avropa İttifaqının siyasətini möhkəmlətməli, Avropa İttifaqının öz qonşuları ilə münasibətlərində mövcud olan başqa, məsələn, Qara dəniz əməkdaşlığı kimi, (Black Sea Synergy) əməkdaşlıq formalarını tamamlamalıdır. Sənəddə deyilir ki, "Şərq tərəfdaşlığı" tərəfdaş ölkələrin sabitliyinə və Avropa İttifaqı istiqamətində irəliləməsinə yardım yolu ilə onların islahatlar prosesində tərəqqiyə nail olmalarına kömək etməlidir".
Xatırladaq ki, dekabrın 3-də Avropa Komissiyası bu ilin may ayında təqdim edilmiş və iyun ayında Avropa Şurasının iclasında (Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında) bəyənilmiş "Şərq tərəfdaşlığı" adlı Polşa-İsveç təşəbbüsünə dair təkliflərini vermişdir.
Avropa Komissiyasının nümayəndəliyinin rəhbəri Joze Manuel Pintu Teyşeyra Kiyevdə jurnalistlərə bildirmişdir ki, bu proqramda Avropa perspektivləri nəzərdə tutulmasa da, onda müəyyən müsbət məqamlar var. O demişdir ki, Aİ bu proqrama qoşulacaq ölkələrlə İnstitusional inkişafa dair kompleks proqramın həyata keçirilməsi üçün dialoqu intensivləşdirmək niyyətindədir. Bu, ümumi çağırışların həlli gedişində bütün tərəfdaşların səylərini birləşdirməyə imkan verəcəkdir.

 
ATƏT QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRƏCƏKDİR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 16-da Azərbaycan-Ermənistan qoşunlarının Xocavənd rayonunun Veysəlli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1731 > 1743
  TKA 2008