TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN-YAPONİYA DOSTLUQ KONSERTİ MARAQLA QARŞILANMIŞDIR
AzərTAc xəbər verir ki, dekabrın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan-Yaponiya dostluq konserti keçirilmişdir.
Akademiyanın rektoru, professor Fərhad Bədəlbəyli bildirmişdir ki, bugünkü tədbir Yaponiya hökumətinin mədəniyyət sahəsində "Ot kökləri" yardım proqramı çərçıvəsində təşkil olunmuşdur. Proqrama uyğun olaraq Yaponiya Bakı Musiqi Akademiyasına 4 royal hədiyyə etmişdir.
Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki konsertdə olmağından məmnunluğunu söyləmiş, Bakıda çalışdığı müddətdə ölkələrimiz arasında musiqi sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün bütün imkanlarından istifadə edəcəyini söyləmişdir. Musiqinin sərhəd tanımadığını vurğulayan M.Oki demişdir ki, indi ölkələr bir-birini musiqinin dili ilə daha aydın anlayırlar.
Akademiyanın və Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə yapon bəstəkarlarının əsərləri ifa olunmuş və tələbələrin çıxışları maraqla qarşılanmışdır.
 
BQXK ŞÜKÜRBƏYLİ KƏNDİNİN SU TƏCHİZATININ BƏRPASINA KÖMƏK ETMİŞDİR

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, qurumun yerli hakimiyyət orqanları və icma üzvləri ilə birgə fəaliyyəti nəticəsində Füzuli rayonunun cəbhə xəttinə yaxın Şükürbəyli kəndində su təchizatı sistemi bərpa olunmuşdur. Bunun sayəsində 1200 nəfər məcburi köçkün təmiz sudan istifadə imkanı əldə etmidir.
Bu münasibətlə kənddə BQXK-nın Cənubi Qafqaz üzrə Əməliyyatları rəhbərinin müavini Nadin Bagenin, yerli idarəetmə orqanları nümayəndələrinin iştirakı ilə mərasim keçirilmişdir.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmişdir. Kənd sakinləri qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 
AZƏRBAYCAN BEYNƏLXALQ DAŞIMALAR ÜZRƏ HÖKUMƏTLƏRARASI TƏŞKİLATA ÜZV OLMAQ İSTƏYİR
AzərTAc xəbər verir ki, dekabrın 16-da Azərbaycan Nəqliyyat Nazirliyində qurumun və Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTİF) birgə təşkil etdiyi “Dəmir yolu nəqliyyatı sahəsində beynəlxalq konvensiyalar, OTİF-ə üzvlük və COTİF rejimləri” mövzusunda ikigünlük seminar işə başlamışdır. Nəqliyyat nazirinin müavini Musa Pənahov seminarda çıxış edərək demişdir ki, tədbirdə Azərbaycanın və Gürcüstanın “Dəmir yolu ilə beynəlxalq daşımalar haqqında” Konvensiyaya (COTİF) qoşulması, OTİF-ə üzv olması prosesinə kömək göstərilməsi, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin tam gücü ilə fəaliyyətə başlaması, xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin istismara verilməsi ərəfəsində ölkəmizin təşkilata üzv olması və bununla əlaqədar digər məsələlər müzakirə ediləcəkdir. Azərbaycan Respublikasının OTİF-ə üzv olmasının qanunvericilik, texniki uyğunlaşdırma, sərhəd prosedurlarının sadələşdirilməsi və digər təşkilati-hüquqi tədbirlərin təmin olunmasını nəzərdə tutan bir sıra məsələlərin əhatə olunacağı seminarda Nəqliyyat Nazirliyinin, Azərbaycan Dövlət Dəmir Yolunun nümayəndələri ilə yanaşı, Nazirlər Kabinetinin, Xarici İşlər, İqtisadi İnkişaf, Maliyyə nazirliklərinin, həmçinin Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak edirlər. M.Pənahov nazirliyin Azərbaycan Dövlət Dəmir Yolunun strukturunun yenidən təşkili və müvafiq islahatların aparılması, kadr və mütəxəssis hazırlığı, Avropa İttifaqının üzvü olan dövlətlərin təcrübəsinə əsasən müvafiq hüquqi bazanın formalaşdırılması, COTİF-ə qoşulması və OTİF-ə üzv olması prosesinə kömək göstərilməsi məqsədi ilə Beynəlxalq Dəmir Yolları İttifaqı, OTİF və bu sahədə fəaliyyət göstərən digər təşkilatlarla əməkdaşlıq etdiyini və gələcəkdə də bu istiqamətdə ardıcıl birgə tədbirlər görüləcəyini vurğulamışdır. Nazir müavini ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı layihələr, qazanılmış nailiyyətlər barədə ətraflı məlumat vermişdir. OTİF-in baş katibi Stefan Şimminq hazırda Avropa, Şimali Afrika və Yaxın Şərqdə 42 üzvü olan qurum barədə danışmış, Azərbaycan və Gürcüstanın OTİF-ə üzv olmalarının əhəmiyyətini diqqətə çatdırmışdır. Gürcüstan Dəmir Yolu MMC direktorunun müavini Nikoloz Abuaşvili OTİF-ə üzvlüyü ölkəsi və Azərbaycan üçün Avropa məkanına inteqrasiya istiqamətində növbəti addım adlandırmışdır. Seminarda OTİF-in məqsədi və strukturu, vahid qaydaları, üzv dövlətləri, həmçinin beynəlxalq dəmir yolu qanunvericiliyinin təkmilləşdirilməsi, təhlükəli yüklərin daşınması haqqında qanunvericilik barədə iştirakçılara ətraflı məlumatlar verilmiş, suallar cavablandırılmışdır. Seminar işini dekabrın 17-də davam etdirəcəkdir.
 
BAKIDA DAVOS FORUMUNUN REGİONAL SAMMİTİ KEÇİRİLƏ BİLƏR
AzərTAc xəbər verir ki, Davos Dünya İqtisadi Forumunun icraçı direktoru Borge Brend dekabrın 16-da Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşündə demişdir ki, qurumun regional sammiti Bakıda keçirilə bilər. B.Brend qeyd etmişdir ki, Bakı da Almatı ilə yanaşı, 2009-cu ildə belə bir sammitin keçirilməsinə namizəddir. Azərbaycanın regionda liderlik rolu, iqtisadi sahədə böyük uğurları belə bir nüfuzlu sammitin Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas amil kimi götürülə bilər. Xatırladaq ki, axırıncı regional sammit bu ilin oktyabr ayında İstanbulda keçirilmişdir. Baş nazir A.Rasizadə dünya biznes elitası nümayəndələrinin qatıldığı sammitin Bakıda keçirilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu bildirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, xüsusən, qlobal maliyyə böhranı ilə əlaqədar müxtəlif ölkələrdə görülən tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.
 
RUSİYANIN “SARMAT-1” GƏMİSİ XİLAS EDİLMİŞDİR
Azərbaycan Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Rusiyanın Həştərxan-Ənzəli marşrutu ilə hərəkət edən çay-dəniz tipli “Sarmat-1” quru yük gəmisi Xəzər dənizində, Abşeron yarımadasından 20 dəniz mili məsafədə qəzaya uğramışdır. Azərbaycan tərəfinə müraciətdən sonra “Kapitan Vadim Seyidov” yedək gəmisi köməyə göndərilmişdir. Xilasetmə işlərini fırtınalı hava çətinləşdirsə də, gəmini yedəyə götürmək mümkün olmuşdur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov demişdir ki, batmaq təhlükəsi ilə üz-üzə qalan gəminin xilas olunması ilə bağlı qüvvələr səfərbər olunmuş və gəmi xilas edilmişdir. Nazirin sözlərinə görə, sulardan xilasetmə qüvvələri öz fəallığını nümayiş etdirmiş və gəminin batmasına yol verməmişlər. Azərbaycan Dövlət Dəniz Administrasiyası rəisinin müavini Namiq Ağamalıyevin verdiyi məlumata görə, Rusiya gəmisi Azərbaycanın gəmi təmiri zavodlarından birində təmir olunacaqdır. Gəminin 11 nəfərlik heyət üzvü arasında xəsarət alan yoxdur. Qəzaya səbəb gəminin idarəetmə bölməsində yaranmış texniki nasazlıq olmuşdur. Xatırladaq ki, “Sarmat-1”-in batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat dekabrın 15-də Həştərxanda yerləşən xilasetmə işləri əlaqələndirmə mərkəzindən daxil olmuşdur. Çay-dəniz tipli “Sarmat-1” gəmisi 1986-cı ildə inşa edilib. Həştərxan–Ənzəli (İran) reysi ilə hərəkət edən gəmi təqribən 1750 ton metal məhsullar və ağac materialı daşıyırmış.
 
<< Başlat < Önceki 1721 1722 1723 1724 1725 1726 1727 1728 1729 1730 Sonraki > Son >>

Sayfa 1726 > 1744
  TKA 2008