TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN ŞAİRLƏRİNİN ƏSƏRLƏRİNDƏN İBARƏT ANTOLOGİYANIN ALMANİYADA TƏQDİMATI OLMUŞDUR

AzərTAc xəbər verir ki, Almaniya Bundestaqında Azərbaycan şairlərinin alman dilinə tərcümə edilmiş əsərlərindən ibarət antologiyanın təqdimatı keçirilmişdir. Azərbaycanın klassik məhəbbət poeziyası barədə dolğun təsəvvür yaradan toplu Almaniyanın "Mattes&Seitz" nəşriyyatında ilk dəfə çap olunmuşdur. Burada 40-dək Azərbaycan şairinin, o cümlədən N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, M.Gəncəvi, Xətai kimi klassik şairlərlə yanaşı, sufi və hürufi şairlər - Nəimi, Xəlili, Gülşəni və başqa klassiklərin əsərləri yer almışdır. Almaniyada "Azərbaycan ili"nə töhfə kimi həmin ölkədə fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu tərəfindən nəşr olunan antologiyanı alman dilinə institutun direktoru, şairə Nuridə Atəşi və şair Jan Vaynert tərcümə etmişlər.
Bundestaqın Qafqaz Parlament Qrupunun, ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Bundestaqın deputatları, Almaniya hökumətinin, Xarici İşlər Nazirliyinin, Berlin Senatının, digər dövlət təşkilatlarının və mətbuatın tanınmış nümayəndələri iştirak etmişlər.
Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları üzrə komitəsi sədrinin müavini və Xarici İşlər Komissiyasının daimi üzvü Eduard Lintner bu antologiyanın iki ölkənin mədəniyyətləri arasında önəmli körpü olduğunu bildirmişdir. O, odlar diyarı Azərbaycanın ədəbiyyat incilərinin məhz Bundestaqda təqdimatından qürur duyduğunu söyləmişdir.
Bundestaqın Qafqaz Parlament Qrupunun sədri Ştefen Rayxe, nəşriyyatın direktoru doktor Andreas Rötzer, ölkəmizin Almaniyadakı səfirinin birinci müavini Anar Hüseynov, ATƏT-in məruzəçisi, Bundestaqın deputatı Raynder Stteenblok çıxışlarında tədbirin əhəmiyyətindən söz açaraq, antologiyanın işıq üzü görməsində zəhmət çəkənlərin və tərcüməçilərin əməyini yüksək qiymətləndirmişlər.

 
BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI AZƏRBAYCANIN SIĞORTA SİSTEMİNDƏ KORPORATİV İDARƏETMƏ PRİNSİPLƏRİNİ TƏKMİLLƏŞDİRİR

AzərTAc xəbər verir ki, dekabrın 19-da Bakıda "Azərbaycanın sığorta şirkətlərində korporativ idarəetmə və beynəlxalq təcrübələr" mövzusunda seminar keçirilmişdir. Tədbir "Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycanda korporativ idarəetmə Layihəsi" çərçivəsində İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə baş tutmuşdur.
Layihənin rəhbəri Kerolayn Brayt demişdir ki, məqsəd sığorta şirkətlərinin korporativ idarəetmə məsələlərinə dair biliklərinin genişləndirilməsidir. Onun sözlərinə görə, bundan sonra hər bir şirkətlə səmərəli əlaqələr qurmaq üçün fərdi qaydada iş aparılacaqdır.
Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov təmsil etdiyi qurumun da bu məsələdə maraqlı olduğunu vurğulamışdır. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Cəmil Məlikov isə diqqəti hər bir strukturda ictimaiyyətlə əlaqələr və marketinq departamentinin yaradılmasının vacibliyinə cəlb etmişdir.
Seminar iştirakçılarına sığorta şirkətlərinin korporativ idarə edilməsinə dair Azərbaycan qanunvericiliyinin yeni tələbləri, direktorlar şurasının, idarə heyətlərinin rolu, öhdəliklərdə beynəlxalq praktika və yerli təcrübə barədə ətraflı məlumat verilmişdir.

 

 
BAKIDA DOKTORANTLAR ÜÇÜN SİMPOZİUM KEÇİRİLİR
AzərTAc xəbər verir ki, dekabrın 19-da Bakıda, "Retro club"da Azərbaycan Diplomatik Akademiyasının (ADA) ilk dəfə olaraq doktorantlar üçün təşkil etdiyi ikigünlük simpozium işə başlamışdır.
ADA-nın təlim proqramları üzrə direktoru Fariz İsmayılzadə bildirmişdir ki, simpoziumdan məqsəd elmi dairələrdə Azərbaycan haqqında biliklərin artırılması və təhsil ocağında davamlı akademik debatların təşkili, azərbaycanlı və xarici elm adamları arasında qarşılıqlı əlaqələrin stimullaşdırılması, ölkəmizdə həyata keçirilən təhsil islahatlarına xidmət edəcək əlaqələrin qurulması, araşdırma və tədris metodları sahəsində təcrübə mübadiləsi aparılmasıdır.
Kadrların yetişdirilməsi və "beyin axını"nın geriyə, Azərbaycana yönəldilməsinin ADA-nın prioriteti olduğunu qeyd edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov vurğulamışdır ki, Diplomatik Akademiya "qara qızılın insan qızılına çevrilməsi" istiqamətində fəaliyyət göstərir. Bu isə neft ehtiyatlarından bu məqsədlərlə faydalanan Azərbaycanı digər neft ixracatçılarından fərqləndirir.
V.Sadıqov bildirmişdir ki, simpoziumun keçirilməsindən məqsəd ABŞ və Avropa ölkələrindəki azərbaycanlı elm adamlarını bir araya gətirmək və onları tədqiqat işlərinə cəlb etməkdir. Hazırda ABŞ və Avropada təhsil alan 16 doktorant, elmi işçi Azərbaycana cəlb edilmişdir.
Azərbaycanın regiondakı digər ölkələrə təsirinin böyük olduğunu deyən Cons Hopkins Universitetinin professoru Frederik Starr, ADA-nın və Haifa Universitetinin professoru Brenda Şaffer hesab edirlər ki, ölkəmiz barədə məlumat yaymaq üçün gənc alimlərin üzərinə böyük yük düşür.
Əsas diqqətin sosial, xüsusilə beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat elmlərinə yönəldilmiş simpoziumda yerli və xarici elm adamları arasında qarşılıqlı əlaqələrin stimullaşdırılması da qərara alınmışdır.
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ XOSE LUİS HERRERO ANSOLANI FƏALİYYƏT MÜDDƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı ATƏT-in Bakı Ofisinin rəhbərinin Azərbaycandakı fəaliyyəti dövrünün ölkəmizin inkişafı və bütövlükdə region üçün əhəmiyyətli illər olduğunu vurğuladı və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Xose Luis Herrero Ansola ölkəmizdəki fəaliyyətindən məmnun qaldığını bildirdi.
Görüşdə həmçinin Azərbaycanla ATƏT arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
 
BAKIDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ KİNO FESTİVALINDA 50 FİLM GÖSTƏRİLƏCƏK
AzərTAc xəbər verir ki, dekabrın 22-dən 25-dək Bakıda tələbə filmlərinin 5-ci "Start" Beynəlxalq festivalı keçiriləcəkdir. Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Belarus, Misir və digər ölkələrin tələbə-rejissorlarının dəvət olunduğu festivalın açılış mərasimi Teatr Xadimləri İttifaqında baş tutacaqdır. Müxtəlif ölkələrin peşəkar kinematoqrafçılarından ibarət münsiflər heyəti kinofestivala təqdim olunan 200 filmdən yalnız 50-sini seçmişdir. Filmlər "Nizami" kinoteatrında göstəriləcəkdir.
Xatırladaq ki, 2004-cü ildə gənc kinematoqrafçıların "Sinema" mərkəzi tərəfindən təsis edilmiş "Start" festivalı hər il Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir.
 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1718 > 1749
  TKA 2008