TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞLAR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 19-da saat 2.05-dən 2.15-dək Berd rayonunun Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki mövqelərini, dekabrın 18-də 16.00-dan 16.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 
AZƏRBAYCANIN TURİZM ATLASI HAZIRLANIR
AzərTAc xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Kartoqrafiya Fabrikində Azərbaycan Respublikasının ilk turizm atlası çapa hazırlanır.
Kartoqrafiya Fabrikindən bildirmişlər ki, DTXK-nın sədri, akademik Qərib Məmmədovun rəhbərliyi altında hazırlanan atlasın tərtibat işləri artıq başa çatdırılmışdır. Əsasən xarici turistlər üçün nəzərdə tutulan atlas gələn ilin əvvəllərində çapdan çıxacaqdır. İlkin mərhələdə atlasın 1.200 nüsxə nəşr olunması planlaşdırılır. Gələcəkdə ölkədə turizm inkişaf etdikcə atlas yenidən çap olunacaqdır.
Müəyyən informasiyaların Azərbaycan, ingilis və rus dillərində verilməsi nəzərdə tutulan atlasda ölkə ərazisindəki tarixi abidələr, dövlət qoruqları, milli memarlıq nümunələri, turizmə yararlı məkanlar, istirahət guşələri, bir sözlə, turistlər üçün əhəmiyyət kəsb edən obyekt və infrastrukturlar haqqında müfəssəl məlumatlar əks olunacaqdır.
 
Z.SƏMƏDZADƏ: AZƏRBAYCANIN MALİYYƏ BAZARI SABİTDİR, NƏZƏRDƏ TUTULAN İRİ LAYİHƏLƏR HƏLLİNİ TAPIR

Prezident İlham Əliyevin Azərbaycanda apardığı uğurlu siyasət, iqtisadi inkişaf strategiyası ölkənin milli maraqlarına cavab verir.
AzərTAc xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun Azərbaycanın iqtisadi inkişafı ilə bağlı sonuncu rəyinə münasibət bildirən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə demişdir. Onun sözlərinə görə, qurumun açıqlaması ölkəmizdəki reallığı əks etdirir. Azərbaycanın maliyyə bazarı sabitdir, nəzərdə tutulan iri layihələr həllini tapır və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyası uğurla həyata keçirilir. Bütün bunlar dünyanı bürüyən maliyyə böhranı fonunda baş verir.
Digər beynəlxalq qurumlar da Azərbaycan iqtisadiyyatının inkişaf sürətini yüksək dəyərləndirir, deyən Ziyad Səmədzadə vurğulamışdır ki, Beynəlxalq Valyuta Fondunun 2009-cu il üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı verdiyi rəy gələn il ölkəmiz üçün qurumun proqnozlarından da uğurlu olacağını göstərir.
Proqnozlar neftin qiymətinin bir müddət sonra sabitləşəcəyini göstərir. Hətta sabitləşmə olmasa belə, bu, dövlət büdcəsinə mənfi təsir etməyəcəkdir. Akademik demişdir ki, ən azından Azərbaycanın kifayət qədər valyuta ehtiyatı vardır və bu vəsait də büdcə xərclərinə yönəldilə bilər.

 
BAKIDA DOKTORANTLAR ÜÇÜN SİMPOZİUM KEÇİRİLİR
AzərTAc xəbər verir ki, dekabrın 19-da Bakıda, "Retro club"da Azərbaycan Diplomatik Akademiyasının doktorantlar üçün təşkil etdiyi ikigünlük simpozium işə başlamışdır.
Simpoziumdan məqsəd elmi dairələrdə Azərbaycan haqqında biliklərin artırılması və təhsil ocağında davamlı akademik debatların təşkili, azərbaycanlı və xarici elm adamları arasında qarşılıqlı əlaqələrin stimullaşdırılması, ölkəmizdə həyata keçirilən təhsil islahatlarına xidmət edəcək əlaqələrin qurulması, araşdırma və tədris metodları sahəsində təcrübə mübadiləsi aparılmasıdır.
Tədbirdə xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Cons Hopkins Universitetinin professoru Frederik Starr, akademiyanın və Hayfa Universitetinin professoru Brenda Şaffer, Uilyam Mitçel Məktəbinin professoru, 2008-2009-cu tədris ili üçün "Fullbright" təqaüdçüsü Antoni Vayner və Ridinq Universitetinin professoru Nigar Həşimzadə iştirak edirlər.
 
İDXAL OLUNACAQ QARAMALIN SEÇİLMƏSİ ÜÇÜN AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİ ALMANİYAYA EZAM EDİLMİŞLƏR

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycana idxal olunacaq damazlıq cins heyvanların yerində seçilməsi, onların sağlamlıq və məhsuldarlıq sənədlərinin araşdırılmısı məqsədi ilə təcrübəli mütəxəssislərimiz Almaniyaya ezam edilmişlər.
Hazırda gətiriləcək damazlıq cins heyvanların karantin dövründə müvəqqəti saxlanılması məqsədi ilə Gəncə rayonlararası təchizat bazasının binalarından biri tövlə kimi istifadə olunmaq üçün təmir edilir və burada lazımi yem ehtiyatı yaradılır.

 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1715 > 1744
  TKA 2008