TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "ZƏNGƏZUR" TANKERİNİN İSTİSMARA VERİLMƏSİ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
AzərTAc xəbər verir ki, dekabrın 20-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin "Zəngəzur" tankerinin istismara buraxılması münasibətilə mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyevi tankerin yan aldığı Yaxt klubda Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov qarşıladı. Gəminin kapitanı tankerin istismara tam hazır olması barədə dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev gəminin xidmət və yaşayış sahələri ilə yaxından tanış oldu, dənizçilərin iş və həyat şəraiti ilə maraqlandı. Dövlətimizin başçısına məlumat verildi ki, "Zəngəzur" tankeri Rusiyanın Nijni Novqorod şəhərindəki "Krasnoye Sormovo" gəmiqayırma zavodunda inşa olunmuşdur. Tankerdən əsasən Qazaxıstan neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı üçün Səngəçal terminalına daşınmasında istifadə ediləcəkdir. Eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan gəmi "Prezident Heydər Əliyev" tankeri ilə eyni layihədəndir və bu tip tankerlər Xəzərdə istismar olunan ən iri gəmilərdir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 6 belə tankeri var. Gəmiçiliyin sifarişi ilə daha bir belə gəmi inşa edilir və 2009-cu ilin sonuna qədər istismara veriləcəkdir. "Zəngəzur" tankerinin yükgötürmə qabiliyyəti 13 min tona bərabərdir. Gəminin uzunluğu 150 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metrdir. Bu, gəmiçiliyin sayca 79-cu gəmisidir. Onlardan 42-si tanker, 37-si quru yük gəmisidir.
Prezident İlham Əliyev gəminin kapitan körpüsünə baxdı. Dövlət başçısına məlumat verildi ki, kompyuter sistemi ilə idarə edilən gəmi ən müasir naviqasiya avadanlığı və cihazları ilə təchiz olunmuşdur. Prezident İlham Əliyev gəminin istismara verilməsini bildirən düyməni basdı.
Daha sonra dövlətimizin başçısı gəminin ən yuxarı göyərtəsinə qalxaraq, buradan şəhərin panoramını seyr etdi. Gəminin heyətinə xoş arzularını çatdıran Prezident İlham Əliyev müvafiq tövsiyə və tapşırıqlarını verdi.
 
ABŞ AZƏRBAYCANA VƏ KOSOVOYA BAŞ PREFENSİYALAR SİSTEMİ ÇƏRÇİVƏSİNDƏ TİCARƏT GÜZƏŞTLƏRİ EDƏCƏKDİR

AzərTAc Ağ evin rəsmi internet-saytına istinadla xəbər verir ki, ABŞ Azərbaycana və Kosovoya Baş Prefensiyalar Sistemi (BPS) çərçivəsində ticarət güzəştləri edəcəkdir. ABŞ Prezidenti Corc Buş dekabrın 19-da bu məqsədlə Konqresə rəsmi məktub göndərmişdir. Sənəddə deyilir ki, Azərbaycan və Kosovo BPS-də "İnkişafda olan ölkələr" kateqoriyasına aid edilməlidir.
Məktubda Corc Buş bildirmişdir ki, o, Azərbaycan ilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini qərara almışdır.
ABŞ-ın hökumət proqramı olan BPS 132 ölkədən 5 min adda məhsulun Birləşmiş Ştatlara rüsumsuz gətirilməsini təmin edir.

 
SLOVENİYA PREZİDENTİNİN GƏLƏN İL AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ GÖZLƏNİLİR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, gələn ilin birinci yarısında Sloveniyanın Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfəri gözlənilir. Bu barədə məlumatı Azərbaycanın Avstriyadakı səfirliyindən vermişlər.
Məlumatda bildirilir ki, eyni zamanda Sloveniyada akkreditə olunmuş səfirliyin müşaviri Gəray Muradov bu ölkəyə səfəri çərçivəsində dekabrın 18-də Sloveniya Prezidentinin diplomatik müşaviri, səfir Dyurçan Stoy ilə görüşmüşdür. Tərəflər bu il sentyabrın 25-də Nyu-York şəhərində Sloveniyanın Prezidenti Danilo Türk və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında keçirilmiş görüşdə Sloveniya Prezidentinin Azərbaycana rəsmi səfərinin şifahi razılaşdırılmasından sonrakı mərhələni müzakirə etmişlər.
Səfir D.Stoy bildirmişdir ki, Azərbaycana səfər Sloveniya Prezidentinin növbəti il təqviminin prioritetlərlərindən biridir və səfərin vaxtı diplomatik kanallar vasitəsilə yaxın müddətdə müəyyənləşdiriləcəkdir.

 
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞLAR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 19-da saat 20.25-dən 20.35-dək Ağdam rayonunun Yusifcanlı, saat 23.20-dən 23.50-dək Goranboy rayonunun Tap Qaraqoyunlu, dekabrın 20-də saat 01.00-dan 01.15-dək Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05-dən 05.55-dək, 07.25-dən 07.50-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 
“ALIN YAZISI” FİLMİNDƏ AZƏRBAYCANIN, TÜRKİYƏNİN VƏ RUSİYANIN AKTYORLARI ÇƏKİLƏCƏKLƏR

AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə və Rusiya aktyorlarının iştirakı ilə "Alın yazısı" filminin istehsalına başlanacaqdır.
Filmdə Azərbaycanın xalq artistləri Amaliya Pənahova, Yaşar Nuri, Türkiyənin tanınmış aktyorları Halil Ergün, Hülya Dərca, Rusiyanın xalq artisti Lyudmila Qurçenko, Türkiyədə yaşayan azərbaycanlı aktyor Məlahət Abbasova və başqaları çəkiləcəklər.
Eşq hekayəsi üzərində qurulan və bəşəri mövzuların təbliğ olunduğu "Alın yazısı"nın ssenari müəllifləri İradə Sultan, Səma Tunsi, Lalə Nağdəliyeva, quruluşçu rejissoru Sərxan Kərəmoğlu, operatoru Pərviz Əzimzadədir. Baş rolda gənc azərbaycanlı modelyer Qərinə Aslanova çəkiləcəkdir.
Çəkilişlər Bakı, İstanbul və Moskvada aparılacaqdır. Üç dildə səsləndiriləcək film hər üç ölkənin kinoteatrlarında və televiziya kanallarında nümayiş etdiriləcəkdir.

 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1714 > 1749
  TKA 2008