TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
LONDONDA NEFT SATIŞI BAZARINDA ŞƏFFAFLIĞIN YARADILMASI VƏ EFFEKTİVLİYİN ARTIRILMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, dekabrın 18-19-da Londonda neft ixrac və idxal edən ölkələrin enerji nazirlərinin görüşü keçirilmişdir.
Görüşdə OPEK daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsinin enerji və neft nazirləri, habelə Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Enerji Forumu, o cümlədən bir sıra milli və beynəlxalq neft şirkətlərinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti, Böyük Britaniyanı isə Baş nazir Qordon Braun, enerji və iqlim dəyişikliyi naziri Ed Miliband təmsil etmişlər.
Baş nazir Q.Braun görüşün neft ixrac və idxal edən ölkələrin əməkdaşlığına, xüsusilə bu ölkələr arasında bilavasitə dialoqun qurulmasına və dünya bazarlarında neftin qiymətinin sabitləşdirilməsinə həsr olunduğunu diqqətə çatdırmışdır.
Müzakirələr nəticəsində neft ixrac və idxal edən ölkələr arasında birbaşa dialoqun qurulmasının müxtəlif vasitələri, xüsusilə neft satışı bazarında şəffaflığın yaradılması və effektivliyin artırılması xüsusi diqqət mərkəzində olmuşdur. Bundan əlavə, tədbirdə alternativ və yenilənən enerji mənbələrinin əldə olunması vasitələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

 

 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAYTAXTIN YASAMAL RAYONUNDA PARKIN, HEYDƏR ƏLİYEV MƏKTƏB-MUZEYİNİN VƏ RAYON İCRA HAKİMİYYƏTİNİN BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Bakının Yasamal rayonunda mədəniyyət və istirahət parkının, Heydər Əliyev məktəb-muzeyinin və rayon icra hakimiyyətinin yeni binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, rayonun daxili imkanları hesabına tamamilə yeniləşdirilmiş və paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verən park şəhər sakinlərinin sevimli istirahət guşələrindən biri olacaqdır.
Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, 1,7 hektar sahəsi olan, vaxtilə Nazim Hikmət küçəsi ilə Mətbuat prospektinin kəsişməsində salınmış və uzun müddət baxımsız qalmış park xüsusi layihə əsasında bir il ərzində müasir səviyyədə tamamilə yenidən qurulmuşdur. Burada yaraşıqlı fəvvarələr və şəlalələr kompleksi yaradılmış, ən hündür yerdə Azərbaycanın dövlət bayrağı ucaldılmışdır. Parkda hər cür hava şəraitinə davamlı materiallardan hazırlanmış 254 oturacaq qoyulmuş, 8,5 min kvadratmetr sahədə çəmənlik salınmış, 3500-dən çox müxtəlif ağac və gül kolları əkilmişdir. Əraziyə yüksək keyfiyyətli mərmər döşənmiş, ən müasir işıqlandırma sistemi və 20 kvadratmetrlik monitor quraşdırılmışdır. Ətraf binalarda da əsaslı təmir və abadlıq işləri görülmüşdür.
Prezident İlham Əliyev sonra Heydər Əliyev məktəb-muzeyinin açılışında iştirak etdi. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, məktəb-muzeylə tanış oldu.
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan məktəb-muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Bunlar "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mənəvi inkişafına xidmət olub" deyən ulu öndərin zəngin və çoxcəhətli fəaliyyəti, ümumən Azərbaycan tarixinin bütöv bir qərinəsi barədə dolğun təsəvvür yaradır. Daim, ən çətin anlarda da xalqına arxalanan, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan, onu parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas edən, beynəlxalq birliyin layiqli üzvləri sırasına çıxaran Heydər Əliyev haqlı olaraq dünyanın ən nüfuzlu siyasətçilərindən biri kimi tanınmışdır.
Azərbaycanın iqtisadi dirçəlişi, mədəniyyətinin, elminin, təhsilinin inkişafı bilavasitə onun adı ilə bağlıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyevin siyasətinin alternativi yoxdur və onun davam etdirilməsi ölkəmizin tərəqqisinin təminatıdır.
Ümummilli liderin irsini təbliğ edəcək məktəb-muzeydəki zəngin kitabxana və kompyuter otaqları gənclərin ulu öndərin zəngin irsindən yararlanmasına kömək edəcəkdir. Bu irs hər zaman Azərbaycan gəncliyini sabaha aparan yol olacaqdır.
Dövlətimizin başçısı məktəb-muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak etdi. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ölkəmizin inkişafındakı fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, beşmərtəbəli binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bu isə icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. 300 nəfərlik iclas salonunda ən müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Zəruri avadanlıqla təchiz edilmiş binada qonaqlar üçün gözləmə otağı və xidməti otaqlar da var.
Prezident İlham Əliyev iş otaqları ilə də tanış oldu, yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirdi.

 

 
"DAŞKƏND SEVİNCİ" II BEYNƏLXALQ UŞAQ RƏSMLƏRİ SƏRGİSİNDƏ AZƏRBAYCAN MƏKTƏBLİSİ BİRİNCİ YERİ TUTARAQ QIZIL MEDALA LAYİQ GÖRÜLMÜŞDÜR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistanda "Gənclər ili" Dövlət Proqramı çərçivəsində ölkənin Mədəniyyət və İdman, Ali və Orta Təhsil nazirlikləri və İncəsənət Akademiyasının təşəbbüsü ilə "Daşkənd sevinci" II Beynəlxalq uşaq rəsmləri sərgisi keçirilmişdir.
Bir həftə çəkən sərgidə dünyanın 30 ölkəsindən göndərilmiş, Vətən, ana, təbiət, ətraf mühitin qorunması, uşaqlıq və digər mövzularda 1000-ə yaxın əl işi nümayiş etdirilmişdir.
Azərbaycandan sərgiyə 14 məktəblinin 30-a yaxın əl işi göndərilmişdir.
Sərginin bağlanış mərasimində elan olunmuşdur ki, rəsmlərinin məna dolğunluğuna görə "Qran-Pri" Misir məktəblisi Nardina İbrahimə göndəriləcəkdir.
Azərbaycandan gəlmiş 15 yaşlı məktəbli Əli Heydərovun "Mənim Vətənim" rəsmi, həmçinin İndoneziya, Özbəkistan, Türkmənistan, Belarus və Çin nümayəndələrinin əl işləri birinci yeri tutmuşdur. Onlar sərginin qızıl medalına layiq görülmüşlər.

 
AZƏRBAYCAN VƏ TÜRK TƏLƏBƏLƏRİN SƏRGİSİ AÇILMIŞDIR

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alan türk və azərbaycanlı tələbələrin rəsm əsərlərinin sərgisi açılmışdır.
Türkiyənin ölkəmizdəki səfirliyinin və ADMİU-nun dəstəyi ilə keçirilən sərgidə gənclərin 200-dək əsəri nümayiş olunmuşdur.
ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu qardaş xalqlarımızın gənclərinin bir araya gəlməsi, mədəniyyətimizin inkişafı üçün belə tədbirlərin böyük əhəmiyyəti olduğunu bildirmişlər.
Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, xalq rəssamı Arif Əziz, ADMİU-nun prorektoru Rafiq Sadıqov və digər çıxış edənlər qrafika janrına üstünlük verən gənc fırça ustalarının əsərlərindəki kompozisiya və süjet xəttindən, onların həyata baxışından razılıqlarını bildirmiş və gələcək sənət yollarında onlara uğurlar arzulamışlar.

 
DÜNYA AZƏRBAYCANLILARINI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ BAKI TOPLANTISI DİASPOR TƏŞKİLATLARININ MİLLİ BİRLİK VƏ HƏMRƏYLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ ÖZ TÖHFƏSİNİ VERƏCƏKDİR

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakı toplantısı diaspor təşkilatlarının milli birlik və həmrəyliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir. Şuranın toplantısında iştirak edən soydaşlarımız belə düşünürlər.
Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov AzərTAc-a bildirmişdir ki, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu Azərbaycan lobbisinin daha da mütəşəkkilləşməsinə şərait yaradacaqdır. Azərbaycan dövlətinin bu sahədəki dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan N.Bağırov demişdir ki, dövlətin birbaşa köməyi ilə reallaşan bu toplantı soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyasını, ictimai-siyasi proseslərdə fəal iştirakını daha da təkmilləşdirəcəkdir.
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısının ən əlamətdar və mühüm cəhəti isə Dünya Azərbaycanlılarının Xartiyasının qəbul edilməsidir. Xartiya soydaşlarımızın məskunlaşdıqları ölkələrdə əsas hüquq və azadlıqlarının yerli qanunvericilik, xüsusilə beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinə şərait yaratmaqla bərabər diasporun Azərbaycan dövlətçiliyi ətrafında daha sıx birliyinə nail olunmasını tənzimləyəcəkdir. Toplantı soydaşlarımızda vətənpərvərlik və milli təəssübkeşlik hisslərinin sistematik xarakter aldığını bir daha qabartmışdır.

 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1713 > 1749
  TKA 2008