TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
GÜRCÜSTANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİR

AzərTAc xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze dekabrın 22-23-də Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Q.Vaşadze səfər çərçivəsində Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşəcəkdir.
Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcəkdir.

 
ƏZİZƏ MUSTAFAZADƏ: "AZƏRBAYCAN CAZINDAN GERİYƏ YOL YOXDUR..."

AzərTAc xəbər verir ki, Azərbaycanın məşhur caz pianoçusu Əzizə Mustafazadə Heydər Əliyev sarayında solo konsertindən sonra dekabrın 20-də "İnterfaks-Azərbaycan" Agentliyində mətbuat konfransı keçirmişdir.
O, təəssüratlarını bölüşərək demişdir ki, doğma şəhərinə hər gəlişində Bakı və atası ilə bağlı xatirələri təsirlənir və bu hisslər yeni kompozisiyalarında əksini tapır. Azərbaycan cazının bugünkü səviyyəsi barədə suala cavab verən Əzizə xanım demişdir: "Mən gənclərimizin çıxışlarını bir neçə dəfə dinləmişəm. Ümidvaram ki, tezliklə bu işin bəhrəsini görəcəyik. Onlar yalnız zirvəyə doğru irəliləyəcəklər. Azərbaycan cazının sehrli aləminə baş vurmaq yetər ki, geriyə yol olmadığını anlayasan".
Əzizə xanım planlarından danışaraq demişdir ki, hələlik Azərbaycan cazmenləri ilə birgə işləməyi nəzərdə tutmur. O, muğam ustası Alim Qasımovun nadir istedadını xüsusi vurğulamışdır.
Pianoçu növbəti səfərinin vaxtını açıqlamasa da, Bakıya tez-tez gəlmək istədiyini bildirmişdir.
Əzizə Mustafazadənin 10 albomunda qeyri-ənənəvi üslubda musiqilər toplanmışdır. Onun milli ruhda ifa olunan kompozisiyaları həm də dünya caz sənətinin inciləridir.

 
OMBUDSMAN APARATININ NÜMAYƏNDƏSİ LİTVADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Ombudsman Aparatı yanında Uşaq Hüquqları Mərkəzinin əməkdaşı Fərqanə Məmmədxanlı Litva Respublikasının Uşaq Hüquqları üzrə Ombudsmanının və İnsan Hüquqları Komitəsinin birgə təşkilatçılığı ilə Vilnüsdə keçirilən "Uşaqlar cinsi zorakılığın qurbanı olurlar" mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.
Ombudsman Rimante Salasevisiute, parlament sədrinin müavini Alvis Kaseta və Litva Respublikasının dövlət strukturlarının digər nümayəndələri uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışmışlar.
Uşaq Hüquqları Konvensiyasının 20 illiyi ilə əlaqədar 2009-cu il Azərbaycanda "Uşaq hüquqları ili" elan olunduğunu bildirən Fərqanə Məmmədova, uşaq hüquqlarının müdafiəsinə yönəldilmiş qanunların və noramtiv sənədlərin qəbul edilməsindən danışmışdır.

 
LATIN AMERİKASI İLƏ MÜNASİBƏTLƏRİMİZ YAXINLAŞIR
Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının prezidenti Natiq Atakişiyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının bu günlərdə keçirilən iclasında iştirak etmək üçün Bakıya gəlmişdir.
İxtisasca fizik olan N.Atakişiyev neçə ildir Meksikanın iri elmi mərkəzində işləyir.
N.Atakişiyev jurnalistlərlə söhbətində demişdir ki, Latın Amerikasında Azərbaycan haqqında çox az məlumat vardır. Orada azərbaycanlılar azdır. Lakin biz orada boş oturmuruq. Bizim üçün başa çatmaqda olan il əlamətdar olmuşdur. Diasporun ölkə cəmiyyətinə inteqrasiyasında fəallığının artırılması məqsədi ilə biz Latın Amerikası Azərbaycanlıları Təşkilatını yaratmışıq. Həmvətənlərimiz haqqında məlumatları toplayırıq və bilirik ki, Çilidə və qitənin digər ölkələrində də azərbaycanlılar yaşayırlar.
İş yerlərində həmkarlarımızla, yerli əhali ilə səmimi münasibətlərimiz var, ümumiyyətlə, meksikalıları bizimlə mentalitet, cənub coşğunluğu kimi oxşar cəhətlər birləşdirir. Lakin əsas odur ki, Latın Amerikasında diasporumuz formalaşmağa başlamışdır. Həmvətənlərimiz arasında Meksikanın ən yaxşı orkestrlərində çalan gözəl musiqiçilər, digər sahələrdə işləyən mütəxəssislər çoxdur. Düşünürəm ki, tezliklə Latın Amerikasında Azərbaycan haqqında daha çox biləcəklər.

 
VYANA ŞƏHƏR BAŞ KİTABXANASINDA AZƏRBAYCAN GUŞƏSİ AÇILMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 19-da Vyana Şəhər Baş Kitabxanasında Azərbaycan guşəsinin yaradılması ilə əlaqədar təntənəli tədbir keçirilmişdir.
Azərbaycanın Avstriyadakı səfirliyi, Vyana Şəhər Kitabxanalarının direktorluğu və Avstriyada fəaliyyət göstərən AZƏR(ATA) mədəniyyət cəmiyyətinin birgə təşkil etdiyi tədbirdə Avstriya hökumətinin təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan həmyerlilərimiz, avstriyalılar və Vyanada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbiri açan Vyana Şəhər Kitabxanalarının direktoru Markus Fayql hədiyyə edilən kitablara görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş və yeni yaradılan guşə sayəsində kitabxananın ədəbiyyat fondunun daha da zənginləşdiyini qeyd etmişdir.
Hədiyyə edilən kitabların artıq kitabxananın elektron kataloquna daxil edildiyinə toxunan M.Fayql, bu kitablar sayəsində kitabxanaya yeni oxucu kütləsinin cəlb olunacağına əminliyini vurğulamışdır.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov Azərbaycan və Avstriya arasında humanitar-mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, Vyana Şəhər Baş Kitabxanasında Azərbaycan guşəsinin açılmasının qarşılıqlı əlaqələrin inkişafında mühüm bir addım olduğunu qeyd etmişdir. Guşənin təkcə azərbaycandilli oxucular üçün nəzərdə tutulmadığını bildirən səfir, Azərbaycanın tarix və mədəniyyəti ilə maraqlanan avstriyalıların da bu kitablardan tez-tez istifadə edəcəyinə əmin olduğunu söyləmişdir. Qeyd edilmişdir ki, belə layihələr qarşılıqlı əlaqələrin inkişafına böyük töhfələr verir və təkcə paytaxtlar arasında deyil, eyni zamanda bölgələr arasında da əməkdaşlığa kömək edir. Cari ildə Azərbaycan sənətçilərinin Avstriyanın müxtəlif şəhərlərində mədəniyyət proqramları ilə çıxışları ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına bariz nümunədir.
Bütün həmvətənlərimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edən F.İsmayılov, yaxın vaxtlarda növbəti kitab dəstinin kitabxanaya hədiyyə ediləcəyini və bu guşənin həmvətənlərimizin görüş yerinə çevriləcəyini söyləmişdir. Bu tədbirin ərsəyə gəlməsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xüsusi əməyi qeyd edilmişdir.
Bu yaxınlarda Avstriyada işıq üzü görmüş iki kitab - yazıçı Mir Cəlalın "Azərbaycandan hekayələr" və avstriyalı tarixçi və şərqşünas Erik Fayqlın "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabları kitabxananın rəhbərliyinə hədiyyə edilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra "Muğam-2007" müsabiqəsinin laueratı, Prezident təqaüdçüsü Rəvanə Ərəbova tarda Sahib Paşazadə və kamançada Rauf İslamovun müşayiəti ilə "Qatar", "Segah", "Çahargah", "Şahnaz", "Kəsmə şikəstə" muğam və təsniflərimizi məharətlə ifa etmişdir.
Tədbirin sonunda qonaqlar Azərbaycanın ləziz xörəkləri ilə bəzədilmiş süfrəyə dəvət edilmişlər.

 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1712 > 1749
  TKA 2008