TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
“Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin qalibləri Azərbaycan və Rusiya komandaları olub
Avqustun 10-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib. Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər. İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri 234 balla ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.
 
Prezident Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Azərbaycanı qardaş dövlət sayır
Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik. AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda mətbuata bəyanatında bildirib. Dövlət başçısı danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunduğunu bildirib. Prezident Türkmənistan nümayəndə heyətinin bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirdiyini, yekun olaraq, böyük ikitərəfli sənədlər paketinin imzalandığını vurğulayıb. “Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir”, - deyə Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib.
 
Bakıda Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib
İyulun 19-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, tərəflər: 2014-cü il mayın 26-da Bakı şəhərində, 2015-ci il yanvarın 29-da Aşqabad şəhərində və 2015-ci il avqustun 28-də Antalya şəhərində keçirilmiş xarici işlər nazirlərinin üçtərəfli görüşlərində qəbul olunmuş birgə bəyanatlara sadiqliklərini təsdiqləyərək, “2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqramı”nın həyata keçirilməsi üzrə birgə səylərin vacibliyini qeyd etdilər; Qarşılıqlı şəkildə dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlərini və qətiyyətli dəstəklərini bir daha təsdiqlədilər; Bu kontekstdə münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd etdilər; Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlarda, həmçinin Asiyanın Ürəyi-İstanbul Prosesi kimi arenalarda və qarşılıqlı fəaliyyətin vacibliyini qeyd etdilər; Terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar; 2014-cü il iyunun 5-də Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dördüncü Zirvə Görüşü zamanı baş tutmuş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan prezidentlərinin üçtərəfli görüşünün yüksək əhəmiyyətini xüsusi olaraq qeyd etdilər və dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan Birinci Üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini vurğuladılar; Üçtərəfli iqtisadi əməkdaşlığın, habelə üç ölkə arasında iqtisadi tərəfdaşlığın müqavilə-hüquq bazasının gücləndirilməsinin vacibliyini qeyd etdilər; İqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə dair razılığa gəldilər; Dövlət başçılarının Türkmənistanda keçiriləcək Üçtərəfli Zirvə Görüşü zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Biznes Forumunun keçirilməsi imkanlarının nəzərdən keçiriləcəyinə dair razılığa gəldilər; Hər üç ölkənin kiçik və orta sahibkarlıq müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladılar; Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar; Bu kontekstdə, bu ölkələri birləşdirən nəqliyyat-tranzit dəhlizlərinə dair geniş spektrli məsələlərin müzakirə olunduğu üç ölkənin nəqliyyat nazirlərinin 2016-cı il sentyabrın 1-də Aşqabad şəhərində keçirilmiş birinci görüşünün əhəmiyyətini qeyd etdilər; Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycan Respublikası ilə birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qars dəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə etdilər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğuladılar; Xəzər dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyini və bununla da tarixi İpək Yolunun yenidən canlanmasına xüsusi töhfə verəcəyini qeyd etdilər; Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan etdilər; Regionda rəqəmsal informasiya cəmiyyətinin qurulması üçün ölkələr arasında informasiya (internet) infrastrukturunun yaradılması vasitəsilə davamlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan, habelə Avropa və Asiya arasında telekommunikasiya tranziti yollarının diversifikasiyası və təkmillədşirilməsinə dəstək olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Trans-Xəzər hissəsinin önəmliliyini yüksək qiymətləndirərək, tərəflər dövlət və özəl sektorunun iştirakını həvəsləndirməklə layihəyə dəstək olacaqları barədə razılığa gəldilər; Enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa və digər beynəlxalq bazarlara ötürülməsinin xüsusi əhəmiyyətini qeyd etdilər; Təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə Azərbaycan, türk və türkmən xalqlarının ümumi mədəniyyət, dil və tarixi irsinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar; Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə adıçəkilən dövlətlərin rəhbərlərinin Zirvə Görüşlərinin və ikitərəfli, həmçinin çoxtərəfli təmaslarının vacibliyini qeyd etdilər; İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın önəmliliyini qeyd etdilər və hər üç dövlət üçün ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı dəstəyin verilməsinin vacibliyini vurğuladılar; Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini və bu kontekstdə İslam mədəniyyəti və mənəvi dəyərlərinin bütün dünyada təşviqinə mühüm töhfə kimi Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd etdilər; 2017-ci ilin sentyabrında Aşqabadda keçiriləcək 5-ci Asiya Qapalı və Döyüş Növləri Oyunlarının uğurlu təşkilinə dəstəklərini ifadə etdilər; Türkmənistanda keçiriləcək Zirvə Görüşü zamanı imzalanması nəzərdə tutulan enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, elm, təhsil və mədəniyyət sahələrində saziş layihələri ilə bağlı əldə edilmiş irəliləyişi vurğuladılar. Siyasi dialoq, qlobal və regional məsələlər üzrə əməkdaşlıq və əlaqələndirmənin gələcəkdə də davam etdirilməsi məqsədi ilə hazırkı üçtərəfli formatda mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd etdilər. Növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılığa gəldilər. Görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.
 
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman İtaliyanın ali ordeni ilə təltif edilib
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Fərmanı İtaliya Prezidenti Sergio Mattarella imzalayıb. Mixail Qusman bu ali mükafata “Rusiya vətəndaşlarının müasir İtaliya siyasəti haqqında məlumatlandırılmasındakı böyük töhfələrinə, xüsusən İtaliyanın müsbət obrazının və Rusiya-İtaliya münasibətlərinin formalaşdırılmasında dəstəyinə görə” layiq görülüb. Ali dövlət mükafatı olan “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni 1951-ci ildə köhnə kral təltifləri əvəzinə təsis edilib. Bu orden xalq qarşısında ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar sahələrdə xidmətlərə görə təqdim edilir. Ordenin müxtəlif dərəcələri ilə, həmçinin kosmonavt Valentina Tereşkova, musiqiçilər Mstislav Rastropoviç və Valeri Georgiyev, Ermitajın rəhbəri Mixail Piotrovski, Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko təltif ediliblər. Təntənəli mükafatlandırma mərasimi 2017-ci il sentyabrın 25-də İtaliyanın Moskvadakı səfirliyində keçiriləcək. Qeyd edək ki, Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. 1995-ci ildən TASS agentliyində işləyir. 1999-cu ildə agentliyin baş direktorunun birinci müavini təyin edilib. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi və ədəbiyyat və incəsənət sahəsində Rusiyanın Dövlət Mükafatı laureatıdır. Rusiyanın dördüncü dərəcəli “Vətənə xidmətə görə”, “Şərəf” və “Dostluq” ordenləri, “Kazanın 1000 illiyi münasibətilə” medalı, həmçinin Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif edilib. AZƏRTAC-ın kollektivi həmyerlimiz Mixail Qusmanı bu ali mükafat münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni nailiyyətlər və yaradıcılıq uğurları arzu edir.
 
XİN: Qondarma rejimin saxta “prezident seçki”si keçirməsi özünü gülünc vəziyyətinə qoymaqdan başqa bir şey deyil
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə 2015-ci il mayın 3-də keçirilmiş qurama “seçkilər”, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb. Qanunsuz “parlament” tərəfindən saxta “prezident seçki”sinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal “rəhbərliyi”, eləcə də saxta “parlament”in üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyulun 19-da qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsi ilə əlaqədar bildirib. O deyib: “Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərində apardığı qanlı etnik təmizləmə siyasətinin nəticəsidir. “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır, Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. Qeyri-qanuni və saxta “prezident seçki”si Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Ermənistanın bu addımı növbəti siyasi təxribatdır. Qoşunların təmas xətti boyunca vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistanın törətdiyi hərbi təxribatların davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində olan səylərinin pozulmasına xidmət edir. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və hər bir vəchlə işğala əsaslanan status-kvonu saxlamağa çalışır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə və mümkün yolu BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşamasıdır. Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə işğala son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir”.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 2 > 1709
  TKA 2008