TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir
Bakı, 13 mart, AZƏRTAC Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd olunur. AMEA Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar: A Yel baba, Yel baba, Tez gəl, baba, gəl, baba. Sovur bizim xırmanı, Atına ver samanı. Dən dağılıb dağ olsun, Yel babamız sağ olsun. A Yel baba, Yel baba, Qurban sənə, gəl baba. Qədim inanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. “Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar”, deyərdilər. Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir. Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir. İnanca görə, Yel çərşənbəsində hava təmizlənir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. İlaxır çərşənbələrdən üçüncüsü və dördüncüsü ilə bağlı ziddiyyətli məqamlar da var. Bəzən yel və torpaq çərşənbələrindən hansının əvvəl olması mübahisə doğurur. Folklorşünas alim Azad Nəbiyev bu barədə tədqiqatlarında yazırdı ki, ilaxır çərşənbələrdən sonuncunun - Yel çərşənbəsi olması daha çox dini inanclara söykənir. Çünki dini etiqada görə, Allah yaradılış prosesində ən son olaraq hava-yel - yəni nəfəs-ruhdan istifadə edib. İnsana ruhun verilməsi ilə o, canlı varlıq halına gəlib. Lakin xalq inanclarına görə, təbiətdə ən son oyanış torpağa aiddir. Torpağın oyanması ilə həyat yenidən dirçəlir, yaşam prosesi təzələnir. Buna görə də ilaxır çərşənbələrdən üçüncüsü Yel, dördüncü, sonuncu isə Torpaq çərşənbəsi hesab edilir. Bu məntiqlə Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su yaradılışın maddi əsasını təşkil edirsə, od və yel kənar vasitəçi, təkanverici statusunda çıxış edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox stabillik, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılıb, canlı, çevik bir varlıq kimi təsəvvür edilib. Bu təsəvvürlər daha çox "Yel baba" mifik obrazında cəmlənib. Bəzən Yel baba mənfi obrazda xatırlansa da, əksər hallarda müsbət obrazda özünü göstərir. Qədim inanclarda Yel dağının da adı keçir. İnsanlar ürəklərində hər hansı bir dilək tutub o dağı ziyarət edir, nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Maraqlıdır ki, "Yel baba" ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş edir. Ola bilsin ki, ilkin inanclarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə sayılırdı. Yəqin elə buna görədir ki, Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü olaraq sonuncu torpaq çərşənbəsi ilə bayram axşamı - Novruz günü arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan çərşənbə hesab edilir. Xatırladaq ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da qeyd edilib. Martın 13-ü Yel, martın 20-si isə axırıncı - Torpaq çərşənbəsidir. Bayramınız mübarək!
 
Azərbaycan milli ideyasının öyrənilməsinə fundamental elmi töhfə
Bakı, 12 mart, AZƏRTAC Milli ideya bütün dövrlərdə xalqın mövcud olduğu mürəkkəb ictimai-siyasi və mədəni-etnik sistemdə birinci dərəcəli element olub və bu gün də belədir. Bütün etnoslar özlərini maksimum dərəcədə dərindən dərk etməyə, öz əcdadlarının fikirlərini anlamağa, hazırda bərqərar olmuş sosial-mədəni milli birliyin yaranmasına gətirib çıxarmış tarixi proseslərin gedişini başa düşməyə çalışır. AZƏRTAC xəbər verir ki, azərbaycanlıların etnogenezi həm yerli, həm də xarici alimlərin tədqiqatlarının mövzusudur. Lakin bu mövzunun ən müxtəlif aspektləri ilə bağlı tədqiqatlarda heç vaxt sistemli yanaşma məsələsi qarşıya qoyulmayıb. Bu baxımdan, tam inamla demək olar ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ikicildliyi Azərbaycan xalqının mənşəyi, onun təşəkkülü, milli ideyanın formalaşması haqqında tamamilə yeni araşdırmadır. Kitablar Moskvada – birinci kitab “Stolitsa” nəşriyyatında, ikinci kitab isə “Politiçeskaya ensiklopediya” nəşriyyatında buraxılıb. Mübaliğəsiz deyə bilərik ki, ikicildliyin fundamentallığı və nadirliyi müəllifin son dərəcə mürəkkəb olan bu problemin araşdırılmasına tarixi-fəlsəfi mövqedən yanaşması ilə bağlıdır. Akademik milli ideyanın təşəkkülünü Azərbaycan xalqının formalaşmasının əsaslarından başlayaraq tədqiq edir, çox mürəkkəb olan bu prosesdə mühüm rol oynamış tarixi məqamlara toxunur. Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası Akademik Ramiz Mehdiyevin birinci kitabı “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası” adlanır. Alim milli şüurun təməlini təşkil edən anlayışların tərifinin həyati əhəmiyyətini vurğulayaraq, milli ideyanın açıqlanması üçün çox böyük zəhmət çəkib. Müəllif birinci kitaba ön sözdə vurğulayır ki, müstəqil dövlətin mövcudluğu faktının özü Azərbaycanın intellektual fikrinin Azərbaycan cəmiyyətinin mövcudluğunun mənasının, həmçinin “bu ideya necə olmalıdır, onun mahiyyəti, təyinatı, məzmunu nədən ibarətdir, o, nəyə söykənir” suallarına cavab axtarışına yönəlmiş ideallar, dünyagörüşü oriyentasiyaları və dəyərləri kimi prioritet kompleks olan “milli ideya” tərəfə yönəlməsi üçün əsas verir. Müəllif xüsusi vurğulayır ki, bütün bu suallar elmi cavab tələb edir. O əmindir ki, yalnız bundan sonra bizim gələcəyə yolumuzu işıqlandıracaq milli ideyanı müəyyənləşdirə bilərik. Akademik yazır: “Milli ideya cəmiyyətin və dövlətin mənasıdır, bu məna olmasa istər cəmiyyətin, istərsə də dövlətin gələcəyi yoxdur, tarixən məhvə məhkumdur”. Bu fundamental tədqiqat, ilk növbədə, çox aktual mövzunun öyrənilməsinə qeyri-ənənəvi yanaşma ilə fərqlənir. Müəllif Azərbaycan etnosunun və Azərbaycan dövlətinin formalaşması tarixini öyrənən tədqiqatçıların yolu ilə getmir. O, Azərbaycan xalqının etnogenezinin bir sıra aspektlərini yeni mövqedən işıqlandırır. Akademik Ramiz Mehdiyev milli ideyanın formalaşması mərhələlərini daha aydın təsəvvür etmək və dərindən dərk etmək üçün ilk dəfə olaraq antropoloji və genetik yanaşmalar tətbiq edir. Alim hesab edir ki, ilk növbədə, tarixi faktları hərtərəfli öyrənmək lazımdır, çünki onların ibrətamiz xüsusiyyətləri olmasa, xalqın etnomədəni mahiyyətini tam anlamaq olmaz. Alim yazır: “Tarix – nümunələrin köməyi ilə öyrədən fəlsəfədir. Nümunə gücünün gündəlik təsirini görmək üçün ətraf aləmə nəzər salmaq kifayətdir. Nümunənin nə üçün belə güclü olmasını aşkar etmək üçün daxilə baxmaq lazımdır”. Akademik xalqın etnogenezi, etnik kökləri barədə söhbət açaraq qeyd edir ki, antropoloji material olmadan bu məsələləri heç cür tədqiq etmək olmaz: “Yalnız antropoloji məlumatlar etnosun və daha sonra millətin formalaşdığı etnik təbəqələri müəyyən etmək üçün mühüm əsasdır”. Müəllif bu məsələni araşdıraraq bir sıra qiymətli məlumatlar təqdim edir, bunun sayəsində Azərbaycan xalqının antropoloji, habelə etnik xüsusiyyətləri aydınlaşır. Xüsusi vurğulamaq lazımdır ki, monoqrafiyada Qafqaz xalqlarının antropoloji tipləri, müxtəlif etnosların psixi xüsusiyyətləri, insanın genetik xassələri barədə zəngin material verilib. Alimin bu əsəri həm də ona görə qiymətlidir ki, burada etnogenezin öyrənilməsi üzrə Azərbaycan elminin qarşısında dəqiq vəzifələr qoyulur. Akademik vurğulayır ki, Azərbaycan xalqının antropologiyasının, molekulyar-genetik bazasının, paleoantropologiyasının və etnopsixologiyasının, təbii-coğrafi mühitin rolunun dərindən öyrənilməsi ilə məşğul olmaq lazımdır. Bu məlumatlar Azərbaycan xalqının etnogenezi haqqında elmi nəticələr çıxarmaq üçün son dərəcə zəruridir. Monoqrafiyada Azərbaycan xalqının milli ideyasının formalaşmasının ən mühüm mərhələləri izlənilir. XIX-XX əsrlərdə, sovet dövründə, xalqın milli identikliyini məhv etməyə cəhd göstərilən vaxtda Azərbaycanda milli ideyanın formalaşması mənbələri dərindən araşdırılır. Birinci kitabda sovet dönəmində ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni tərəqqisi naminə titanik fəaliyyətinə böyük diqqət yetirilib. Müəllifin fikrincə, Heydər Əliyevin dahi şəxsiyyət kimi nadirliyi ondan ibarətdir ki, o, totalitar kommunist rejimi şəraitində millətin gələcək inkişafına aparan ictimai problemləri həll edirdi. Ramiz Mehdiyev ali niyyətlərin və milli ideyaların reallaşmasında şəxsiyyətin rolunu unutmamağa çağıraraq yazır: “Azərbaycan milli ideyası məsələləri mücərrəd mühakimələr şəklində nəzərdən keçirilə bilməz... Milli ideyanın formalaşması və onu reallaşdırmaq uğrunda mübarizə problemləri məhz cəmiyyətin gündəlik problemlərinin həllinə, insanların sosial-iqtisadi həyatı üçün normal şəraitin təmin edilməsinə, onların ümdə məqsədə nail olmaq naminə hərəkət etməyə mənəvi və əxlaqi baxımdan hazır olmasına əsaslanır”. Alim həm öz köklərini onlar üçün tamamilə yad olan xalqlarla bağlamaqla öz mənşəyini təhrif edən, həm də azərbaycanlıların etnogenezi barədə yalan məlumat yayan ermənilərin etnogenezi məsələsinə də toxunur. Bu monoqrafiyada öz əksini tapan, həm erməni tarixçilərinin özləri, həm də xarici tədqiqatçılar tərəfindən göstərilən inandırıcı tarixi faktlar ermənilərin psevdo-tarixi məktəbini alt-üst edir. Oxucu bu kitabda Qarabağ münaqişəsinin necə başlanması, ermənilərin sovet rəhbərliyini və elmi ictimaiyyəti Dağlıq Qarabağın belə adlandırılan “böyük Ermənistan”a mənsub olmasına yalan gücünə necə inandırmağa çalışmaları və o vaxtkı sovet rəhbərliyi özünün mütləq mənada hərəkətsizliyi ilə buna necə himayədarlıq etməsi barədə məlumat tapacaq. Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası Akademik Ramiz Mehdiyevin ikicildliyinin ikinci kitabı “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” adlanır. Bu kitab XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin yaranması probleminin təhlilinə həsr edilib. Müəllifin ikinci kitabında milli ideyanın formalaşmasının tarixi məqamlarının tədqiqinin davamı kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən proseslər ətraflı təhlil edilir, dövlət quruculuğunun struktur xassələri açıqlanır, milli ideyanın və dövlətçiliyin formalaşması üçün zəruri olan əsas elementlər nəzərdən keçirilir. Akademik Ramiz Mehdiyev məsələyə elmi mövqedən yanaşaraq dövlət quruculuğunun, müstəqilliyin, milli dəyərlərin qorunub saxlanmasının nə qədər mürəkkəb olmasını hərtərəfli açıqlayır. Alim inandırıcı şəkildə göstərir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olmaqdan xilas etdi, onun gələcəyini müəyyənləşdirdi. Müəllif yazır: “Heydər Əliyev Azərbaycanın hansı yolla getməli olduğunu dəqiq təsəvvür edirdi və o, üç əsas məsələnin həllindən ibarət olan konsepsiya təklif etdi: birincisi, ölkədə siyasi sabitlik yaradılması; ikincisi, çoxvektorlu xarici siyasətin təmin edilməsi; üçüncüsü, ölkənin inkişafına və dünyada qabaqcıl mövqelərə çıxmasına dair sosial-iqtisadi siyasətin əsasını təşkil etməli olan neft strategiyasının həyata keçirilməsi”. Zənnimizcə, regionda güclü dövlətlərin fonunda geosiyasi əhəmiyyət kəsb edən bir sıra gizli siyasi proseslərə aydınlıq gətirən sənədlərlə tanışlıq oxucu üçün maraqlı olacaq. Müəllif Azərbaycan milli ideyasının formalaşması mərhələlərini sistemli şəkildə fərqləndirir və həmin dövrdə milli mənlik şüuruna təsir göstərən siyasi hadisələri ətraflı təsvir edir. Akademik Ramiz Mehdiyev əmin olduğunu bildirir ki, qlobal transformasiyalar dövründə ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməli, kreativ gəncliyə arxalanmalıdır: “Sağlam və kreativ gəncliyin üstünlük təşkil etdiyi dövlətdə iqtisadiyyatın dinamik artımı, cəmiyyətin həyat fəaliyyəti sahələrinin inkişafı üçün daha çox şans var. İnnovasiyanın mənası kreativlikdə, nümunəni dəyişməkdə, yenisini yaratmaqdadır. Azərbaycanda XXI əsr cəmiyyətinin qurulması prosesi gənc innovatorun kreativ potensialına güvənməyə bilməz”. Müəllif qeyd edir ki, 2003-cü ildə başlanmış yeni inkişaf mərhələsi bu gün dövlətimiz tərəfindən ölkənin hərtərəfli modernləşməsinə nail olmaq üçün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan insan kapitalı yaradılması, elmin ən yeni nailiyyətlərinin, yeni texnologiyaların və yeni idarəçilik metodlarının tətbiqi əsasında bu hədəfə yönəlib. Milli kreativ elitanın formalaşması yollarının, kreativ sinfin müəllif tərəfindən qeyd edilən tərifi diqqəti cəlb edir, bu sinfin nümayəndələri innovasiyalara və iqtisadi inkişafa yönəlib. Alim əmindir ki, Azərbaycan qloballaşma dövründə özünün milli yönümlü inkişaf yolunu qoruyub saxlamaq üçün zəruri resurslara malikdir. Dövlət hakimiyyətinin daha da möhkəmlənməsi müasir şəraitdə milli ideyanın reallaşmasına təminat verir. Akademik Ramiz Mehdiyev dərindən əmin olduğunu bildirir ki, Prezident İlham Əliyevin dövlətçilik istedadı sayəsində Azərbaycan xalqı bundan sonra da XXI əsrin tələbləri səviyyəsində sosial-iqtisadi inkişaf və milli məsələlərinin həlli yolu ilə irəliləyəcək. Müəllif vurğulayır: “Bu quruculuq yolu Azərbaycanı yeni postsənaye cəmiyyətinə gətirib çıxaracaq. Postsənaye cəmiyyətinin yaradılması isə XXI əsrdə Azərbaycan xalqının milli ideyasının əsas hədəfidir”. İkicildlik filosoflara, tarixçilərə, sosioloqlara, politoloqlara, habelə humanitar elmdə ən yeni araşdırmaları izləyən, sosial inkişaf nəzəriyyələri ilə maraqlanan hər kəsə ünvanlanıb.
 
Georgi Tsereteli: Azərbaycan ATƏT üçün ən dəyərli ölkələrdən biridir
Bakı, 12 mart, AZƏRTAC Martın 12-də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) daimi nümayəndə heyətinin üzvləri qurumun ölkəmizdə səfərdə olan sədri Georgi Tseretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ATƏT-Azərbaycan əməkdaşlığından ətraflı söhbət açıb. Qeyd olunub ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı, təşkilatın dəyərlərinin fəal təbliğatçısıdır. Son zamanlar ATƏT çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyətinin təklifləri böyük diqqətlə dinlənilir. Bahar Muradova buna görə təşkilat rəhbərliyinə minnətdarlığını ifadə edib. Ümumi hədəflərə nail olmaq üçün qurumla əməkdaşlığın dərinləşdirilməsinin faydalı olduğu diqqətə çatdırılıb. Sonra vitse-spiker aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqlarla bağlı məlumat verib. O, şəffaf, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ölkədə hər cür şəraitin yaradıldığını bildirib, ATƏT-in müşahidəçi missiyasının seçkiləri izləyəcəyindən məmnunluq duyduğunu deyib. ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli səmimi görüş və qonaqpərvərlik üçün minnətdarlığını bildirib. Qonaq gürcü xalqının nümayəndəsi kimi Bakıda hər zaman özünü öz evindəki kimi hiss etdiyini xüsusi fərəh hissi ilə bildirib. Bu dəfə ölkəmizə ATƏT-in İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda konfransında iştirak etmək məqsədilə gəldiklərini deyib. O, Azərbaycanın ATƏT üçün ən dəyərli ölkələrdən biri olduğunu söyləyib və münasibətlərin uğurlu davamına təkan verməkdə, əməkdaşlığımızın daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb. Söhbət zamanı qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Bakı, 12 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Giorgi Kvirikaşvilini qarşıladı. Sonra rəsmi foto çəkdirildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşü oldu. Prezident İlham Əliyev dedi: -Hörmətli cənab Baş nazir. Mən sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır. Məhz həmin münasibətlər əminəm ki, bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək. Bir daha sizi salamlayıram. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və səfərin çox yaxşı nəticələri olacaq. MORE:http://bit.ly/2GlgRYX
 
XİN prezident seçkiləri ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında görülən işlərə dair məlumat yayıb
Bakı, 12 mart, AZƏRTAC Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır. AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin prezident seçkilərinə hazırlıq işləri ilə bağlı açıqlamasında məlumat verilir. Qeyd edilir ki, Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə kömək göstərir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat” mövcuddur. Mərkəzi Seçki Komissiyasının təşəbbüsü əsasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar metodik təcrübə mübadiləsi məqsədilə martın 13-də Xarici İşlər Nazirliyində Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin tərkibindəki sözügedən işçi qrupun üzvlərinin iştirakı ilə təlimin keçirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının – aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Azərbaycan Respublikasının 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 7 > 1733
  TKA 2008