TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Altıncı Qlobal Bakı Forumu çərçivəsində “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib
Bakı, 16 mart, AZƏRTAC Altıncı Qlobal Bakı Forumunun ikinci iş günündə “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib. AZƏRTAC xəbər verir ki, panel iclasının moderatoru Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa mövzunun xüsusi aktuallıq kəsb etdiyini söyləyərək əsrin sülh modelinin düşünülməli, boşluqların doldurulmalı olduğunu vurğulayıb. O qeyd edib ki, bütün dünyada, o cümlədən ərəb ölkələrində baş verən hadisələrə diqqət yetirilməlidir, insanların təhlükəsiz yaşamalarına şərait yaradılmalıdır. Böyük güclər iradə nümayiş etdirməlidirlər. Sülh bərqərar olmalıdır. Livanın sabiq Baş naziri Fuad Siniora bildirib ki, dünyada ədalətin bərpa olunması sülhə, inklüzivliyə gətirib çıxara bilər. Dünya çağırışlara cavab verməlidir. Məsələn, Fələstin problemi bu günə qədər həll olunmayan əsas problemlərdəndir. Bu problem həllini tapmasa, regionda digər problemlərə də yol aça bilər. Suriyada qeyri-sabitlik hökm sürür, yüz minlərlə insan kömək gözləyir. Bu məsələ tezliklə həll olunmalıdır. Rusiyanın Baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis dünyada baş verən proseslərə diqqəti cəlb edib. O, insan hüquqlarının qorunmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib. Bildirib ki, bu məsələyə BMT və digər beynəlxalq təşkilatlar biganə qalmamalı və dövlətlər də dəstəyini əsirgəməməlidir. İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu Qlobal Bakı Forumunun problemlərin həlli istiqamətində atılacaq addımlara böyük töhfə verəcəyini söyləyib. O deyib ki, Bakı Forumu dünyada mövcud olan boşluqların aradan qaldırılması istiqamətində səmərəli müzakirələrin aparılması üçün mühüm platformadır. Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız ölkəsinin dünyada baş verən proseslərin həllində yaxından iştirak etdiyini bildirib. O deyib ki, Türkiyə terror təşkilatlarına qarşı sərt mövqeyini qoruyur və terrorizmlə mübarizədə lazımi addımları atır. Suriya məsələsində dünya dövlətlərini ədalətli olmağa çağıran Əhməd Yıldız bu gün Türkiyədə 3,5 milyon suriyalı qaçqının olduğunu vurğulayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra dünyada mühüm dəyişikliklər baş verib. Bu dəyişikliklər hansısa formada ölkəmizə də təsir edib. Nazir qeyd edib ki, Azərbaycanın bir hissəsi işğal olunub, bir milyondan çox qaçqın, köçkün problemi yaranıb. Xalqımız etnik təmizləməyə məruz qalıb. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr indiyədək yerinə yetirilməyib. İyirmi beş ildir ki, vəziyyət olduğu kimi qalıb. Azərbaycan mövcud münaqişələrin həlli və münaqişə vəziyyətlərindən ədalətli çıxış yollarının tapılması vasitəsilə regionda və dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır. Elmar Məmmədyarov deyib ki, əgər biz gələcək inkişafı proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun da fəaliyyət göstərməliyik. Dünya problemləri, onların nəticələrini əvvəlcədən görməli, bu problemlərin yaranmasının və yayılmasının qarşısını almalıdır. Panel iclası işini müzakirələrlə davam etdirib.
 
İdman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub
Bakı, 15 mart, AZƏRTAC Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı olub. Tədbirdə çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıları salamlayaraq bildirib ki, bu gün Azərbaycan idmançılarının dünya standartlarına cavab verən müasir arenalarda məşq etmək imkanı var. Atletlərimiz dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda iştirak edir, paytaxtımızda idmançılarımız mütəmadi olaraq mötəbər turnirlərdə mübarizə aparırlar. Azərbaycanda bir çox irimiqyaslı yarışlar təşkil olunur. Bütün bunlar həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən mötəbər yarışlar ölkəmizdə idmanın kütləviləşməsinə və gənc nəslin sağlam böyüməsinə xidmət edir. Son illər ölkəmizdə gimnastikanın inkişafı məhz Birinci vitse-prezident Mehriban Əliyevanın adı ilə bağlıdır. 2017-ci ilin yekunlarına görə, Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycan Gimnastika Federasiyasını birinci yerə layiq görməsi, federasiya nümayəndələrinin beynəlxalq gimnastika təşkilatlarında fəal iştirakı aparılan düzgün idman siyasətinin nəticəsidir. Yusuf Məmmədəliyev bildirib ki, artıq üçüncü ildir Milli Gimnastika Arenası idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edir. Milli Gimnastika Arenası təkcə yerli idmançıların deyil, həmçinin buraya gələn xarici atletlərin də sevimli məkanlarındandır. “Əminəm ki, idmançılar dünya kubokunda uğurla çıxış edəcək, tamaşaçılar isə zövq alacaqlar. Novruz bayramı ərəfəsində 24 ölkədən idmançılar Bakıda öz çıxışları ilə paytaxt sakinlərinə əsl idman bayramı sevinci yaşadacaqlar”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb. Gimnastlara qələbə arzulayan Yusuf Məmmədəliyev dünya kuboku yarışlarını açıq elan edib. Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə və azyaşlı gimnastlar dövlət himnimizi səsləndiriblər. Açılış mərasiminin bədii hissəsində diqqət çəkən məqamlardan biri gimnastika növləri üzrə yığma komandaların “Gimnastika - gələcəyin səsi” şüarı altında birləşməsi olub. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliğini özünə başlıca məqsəd seçmiş Azərbaycan Gimnastika Federasiyası bu şou proqramla bir daha yarış iştirakçılarına çağırış edib. Mərasim bədii hissə ilə davam etdirilib. Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları martın 18-dək davam edəcək. Üçüncü ildir ki, paytaxtımızda keçirilən turnirdə 24 ölkədən idmançılar güclərini sınayırlar. Turnirin ilk iki günündə təsnifat mərhələləri, son iki günündə isə ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək.
 
Prezident İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordeni təqdim edib
Bakı, 15 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın dünyada tolerantlığın gözəl nümunəsi olduğunu dedi. O, Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti barədə müxtəlif kitablar üzərində çalışdıqlarını bildirdi. Darxan Kıdırəli prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzuladı və Novruz bayramı münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Darxan Kıdırəlinin türkdilli ölkələr arasında əməkdaşlıq istiqamətində fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini dedi və “Dostluq” ordenini ona təqdim etdi.
 
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Prezidenti İlir Meta ilə görüşüb
Bakı, 15 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb. AZƏRTAC xəbər verir ki, iki il əvvəl Albaniyanın spikeri kimi Azərbaycana səfər etdiyini xatırladan İlir Meta prezident vəzifəsində ilk dəfədir ölkəmizə gəldiyini bildirdi. Bu səfərdən məmnunluğunu ifadə edən Albaniya Prezidenti VI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxundu. Bakının beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyini bildirən Prezident İlir Meta ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən işlərə görə minnətdarlığını ifadə etdi. İlir Meta Albaniyada TAP-ın icrası ilə bağlı işlərin uğurla getdiyini dedi. O qeyd etdi ki, Albaniyanın qazlaşdırılması üçün bu layihə çox önəmlidir. Prezident İlham Əliyev Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığımızı daha da möhkəmləndirdiyini vurğuladı. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu layihənin əhəmiyyətinə toxundu. Enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən Prezident İlham Əliyev bir ay əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Albaniya nümayəndə heyətinin iştirakını xatırlatdı.
 
Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunun açılışında iştirak edib
Bakı, 15 mart, AZƏRTAC Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər. Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər. Əvvəlcə birgə foto çəkdirildi. Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söylədi. Sonra Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxış etdi. İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, İsmail Serageldin Roma Papası Fransiskin, Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall Baş nazir xanım Viorika Dansilanın, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətlərini oxudular. Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış etdi. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallıqları ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edildi. Birinci xanım Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirdi. Beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsindəki xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edildi və mükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olundu. Humanitar və mədəni dəyərlərin təbliğindəki töhfələrinə görə ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olundu. Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dən artıq nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar. Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 6 > 1733
  TKA 2008