TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib
Bakı, 18 mart, AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-də 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunub. AZƏRTAC xəbər verir ki, milli inkişafda, mədəni irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusuna həsr olunan Sammitin açılış sessiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin moderatorluğu ilə keçib. Sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən danışıb. Rumıniya ilə Azərbaycanın Milli kitabxanaları arasındakı əməkdaşlıqdan bəhs edən Rumıniya Baş nazirinin müavini Ana Birçall tezliklə ölkəsində Azərbaycan Mərkəzinin açılacağını bildirib. O, həmçinin gənclərə kitab sevgisinin aşılanmasının vacibliyini vurğulayıb. Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç elektron kitabların müasir insanların həyatındakı rolundan bəhs edib. O, gəncliyində kitaba olan münasibəti indiki dövrlə müqayisə edib, eyni zamanda, kitabxanaların müasir standartlara cavab verməsinin vacibliyini vurğulayıb. Latviyanın sabiq Prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Sovet dövründə kitab senzurasından və müəyyən kitabları müzakirə etməyin çətinliyindən bəhs edən keçmiş prezident ölkəsində uşaqlar və gənclər arasında kitaboxuma ənənəsinin olduğunu bildirib. Makedoniya Respublikasının Prezidenti George İvanov ideyalar, fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövrlərində kitabların yandırılması faktına toxunan Prezident bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yox. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent kitabxanaların rolundan danışıb. O, kitabların insanlara daha sekulyar, daha humanist olmasında kömək etdiyini bildirib. Kitabların məlumat daşıyıcısı olduğunu vurğulayan İ.Parent kitabxanaların problemləri, onların həlli yollarından da bəhs edib. Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku tarix boyu kitabların məhv edilməsini xatırladaraq, nasistlər, həmçinin sovetlər dövründə kitablara qarşı bu əməllərin həyata keçirildiyini deyib. O, kitabın çox şeyi dəyişmək gücündə olduğunu, nəsillər arasında dialoq yaratdığını vurğulayıb. Beynəlxalq Kitab Sammiti açılış sessiyasından sonra panel müzakirələrlə davam edib. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parentin moderatorluğu ilə “Kitab və mədəni irsimizin qorunması” mövzusunda keçirilən sessiyada Konqres Kitabxanasından Mary Jan Deeb kitabın bəşəriyyətin irsi olduğunu deyib. Konqres Kitabxanasının bu istiqamətdə gördüyü işlərə toxunan Mary Jan Deeb dünyada baş verən müharibələrin kitabxanaların fəaliyyətinə təsirini vurğulayıb. Xüsusilə də İraqdakı müharibə nəticəsində xeyli sayda kitabxananın zərər çəkdiyini bildirib. O, həmçinin təbii fəlakətlərin kitabxanalar üçün acı nəticələrindən danışıb. Natiq müasir kitabxanaların hazırkı problemlərinə toxunub, kitabxanaların bərpası və tikintisinin əhəmiyyətini vurğulayıb. Mary Jan Deeb Əfqanıstandakı kitabxanaların vəziyyətinin yaxşılaşdırılması və lazımi avadanlıqlarla təchiz edilməsi istiqamətində Konqres Kitabxanasının həyata keçirdiyi işləri qeyd edib, bütün ölkələrdəki kitabxanaların qorunub saxlanılmasına dəstək göstərdiklərini bildirib. İnternet arxivinin təsisçisi Briyuster Kahle rəqəmsal kitabxana materiallarının toplanması və qorunub saxlanılması üçün gördükləri işlərdən bəhs edib. B.Kahle dünya kitabxanalarındakı kitabların hamısının tamamilə rəqəmsallaşdırılmadığı üçün həmin kitabxanalara girişin olmamasının hələ də əsas problemlərdən olduğunu bildirib. O, rəqəmsal oxucularla işləməyin vacibliyini, müəllif hüquqları məsələsinin nəzarətdə saxlanılmalı olduğunu deyib. Dünya Bankının keçmiş baş məsləhətçisi Nadere Çamlo dahi Azərbaycan şairi Nizami Gəncəvinin fikirlərinə əsaslanaraq deyib ki, bilik hər kəsə açıq olmalıdır. Cəmiyyətin əsas iştirakçısı olan qadınların təhsil almaları və kitabların ötürülməsindəki rolundan danışıb. Nadere Çamlo ümid etdiyini bildirib ki, gələcəkdə qadınlar daha çox kitab oxuyacaq, tərcümə edəcək və onları gələcək nəsillərə ötürəcəklər. Qeyd edək ki, Beynəlxalq Kitab Sammitinin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. İsmayıl Seragəldinin təşəbbüsü ilə I Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015) kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil edilib.
 
Prezident İlham Əliyev OPEC-in baş katibi ilə görüşüb
Bakı, 18 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb. AZƏRTAC xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Barkindo səfərə dəvətə görə minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd etdi ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır. Məhəmməd Barkindo xoş sözlərə görə minnətdarlığını bildirərək Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğuladı və dedi ki, hər bir neftçi gəlib öz gözləri ilə Bakını görməlidir. Dövlətimizin başçısı İlham Əliyev Məhəmməd Barkindonun səfərinin Azərbaycanın tarixi yerləri və müasir inkişafı ilə tanış olmaq üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi və ölkəmizin hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğuladı. Dövlətimizin başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirdi, bunu, eyni zamanda, birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirdi. Məhəmməd Barkindo OPEC və qeyri-OPEC üzvlərinin bir araya gəlməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd etdi, Azərbaycanın OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirdi. Ölkəmizin üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən qonaq bunun Azərbaycanın bu razılaşmaya nə dərəcə sadiq qaldığının göstəricisi olduğunu bildirdi. Qeyd etdi ki, bu, təkcə neft hasil edən yox, hətta istehlakçı ölkələrin marağındadır. Bu işin nəticələrini artıq neft sənayesində və dünya bazarlarında görmək mümkündür. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Sonda xatirə şəkli çəkildi.
 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində şagirdlərin ikinci mübadilə proqramının açılış mərasimi olub
Bakı, 17 mart, AZƏRTAC Martın 17-də “Muğam Klub”da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində orta məktəb şagirdlərinin ikinci mübadilə proqramının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, TDƏŞ Katibliyinin, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki səfirlikləri nümayəndələrinin, mübadilə proqramı iştirakçılarının qatıldıqları tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov proqram iştirakçılarının türk dünyasının ortaq dəyərlərindən olan Novruz bayramı ərəfəsində Azərbaycana səfərinin və bayram adət-ənənələri ilə tanışlığının böyük önəm daşıdığını vurğulayıb. Nazir müavini proqrama əsasən iştirakçılara zəngin multikultural dəyərlərə, mədəniyyətə və tarixə malik olan Azərbaycan haqqında məlumat veriləcəyini, ölkəmizin müvafiq sahələri üzrə aparıcı mütəxəssislər tərəfindən təlim və mühazirələr keçiriləcəyini diqqətə çatdırıb. Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc təşkilat olduğu, lakin qısa müddətdə fəaliyyətini genişləndirdiyi barədə məlumat verən nazir müavini bunun əsas səbəbini üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olması ilə əlaqələndirib. Reallaşdırılan tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini qeyd edən nazir müavini ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfəyə görə şuraya minnətdarlığını bildirib. TDƏŞ Katibliyinin layihə rəhbəri Yıldız Uzakova, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat Türk Şurasının ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığı inkişaf etdirməyə geniş imkanlar yaratdığını bildiriblər. Eyni zamanda, “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı”nın əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə bildirilib ki, martın 17-dən 24-dək Azərbaycanın ev sahibliyi edəcəyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramına” Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 38 şagird və 6 təlimçi qatılıb. Mübadilə proqramının iştirakçıları Azərbaycanın incəsənəti, tarixi, milli adət-ənənələri ilə yaxından tanış olmaq, Novruz bayramını birlikdə qeyd etmək, həmyaşıdları ilə ünsiyyət qurmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanacaqlar. Qeyd edək ki, 2015-ci il sentyabrın 5-də TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Astana şəhərində keçirilmiş dördüncü görüşündə “TDƏŞ çərçivəsində orta məktəb şagirdlərinin mübadilə proqramının qaydaları” adlı sənəd qəbul edilib. Bu sənədə əsasən, 2016-cı il aprelin 4-dən 14-dək birinci mübadilə proqramı çərçivəsində üç ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan) şagirdləri Türkiyəyə səfər ediblər. Mübadilə proqramının əsas məqsədi TDƏŞ-ə üzv ölkələrin gənclərinə ortaq türk dəyərlərinin aşılanması, eyni zamanda, mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsidir.
 
Cənubi Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində
Bakı, 16 mart, AZƏRTAC Martın 16-da Heydər Əliyev Mərkəzində Cənubi Qafqazın ən qədim zinət əşyasının təqdimatı keçirilib. Bu gündən Mərkəzin “Azərbaycan inciləri: tarixin axarında” daimi sərgisinə tarixi dəyərli yeni eksponat - Eneolit dövrünə aid qızıl boyunbağı daxil edilib. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu zinət əşyasının çox dəyərli olduğunu vurğulayıb. “Cənubi Qafqazın ən qədim zinət əşyasını nümayiş etdirməyimiz Mərkəzin hər bir əməkdaşı üçün şərəfdir”, - deyən Anar Ələkbərov bu məkanın həm şəhərimizin sakinləri, həm də qonaqları üçün ən sevilən yer olduğunu da qeyd edib. Diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzi dünyada tanınan məkan olaraq çoxsaylı beynəlxalq tədbirlərin ardıcıl təşkil edilməsinə xüsusi diqqət yetirir. Bu zinət əşyası həm də metalişləmə elmində aktual problemlərin yenidən öyrənilməsinə yol açır Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova çıxışında hər bir xalqın tarixinin öyrənilməsində arxeoloji abidələrin vacibliyini vurğulayıb. “Azərbaycanda arxeoloji tədqiqatların yüz ildən artıq tarixi olsa da, məhz ulu öndər Heydər Əliyev keçən əsrin 70-80-ci illərində respublikaya rəhbərlik etdiyi dövrdə bu tədqiqatlar böyük vüsət alıb. Bu gün arxeoloji tədqiqatlarla bağlı maddi-texniki bazanın gücləndirilməsi bu sahədə görülən işləri daha da genişləndirir. Əgər 2008-ci ilədək 10-15 ekspedisiya fəaliyyət göstərirdisə, son illər 40-dək arxeoloji, etnoqrafik və kəşfiyyat xarakterli ekspedisiya tədqiqatlar aparır”, - deyən Maisə Rəhimova Naxçıvanda aparılan qazıntılar nəticəsində çoxsaylı arxeoloji tapıntıların üzə çıxdığını qeyd edib. Alim deyib: “Təqdimatı keçirilən zinət əşyası arxeologiya elmi üçün çox qiymətlidir. Bu tapıntı qədimliyindən başqa, metalişləmə elmində aktual problemlərin yenidən öyrənilməsinə yol açır. Çünki bu vaxta qədər biz qızılı eramızdan əvvəl III, son vaxtlar IV minilliyə aid edirdik. Həmçinin bu tapıntı Şərq ölkələri ilə sıx tarixi əlaqələrin öyrənilməsində böyük əhəmiyyət kəsb edəcək”. Daha sonra Cənubi Qafqazın ən qədim zinət əşyası tədbir iştirakçılarına təqdim edilib. Qeyd edək ki, zinət əşyası 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndi yaxınlığında, Ovçular təpəsi qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Boyunbağı Cənubi Qafqazın ən qədim qızıl zinət əşyasıdır. Buna qədər isə Cənubi Qafqazda ən qədim qızıl zinət əşyaları Gürcüstan ərazisində qazıntılar zamanı tapılmış və erkən Tunc dövrünə aid nümunələr hesab olunurdu. Öz dövrü üçün kifayət qədər zərif əl işi olan qızıl boyunbağı zamanın təsirindən dörd hissəyə bölünüb. Mütəxəssislərin Eneolit dövrünə aid etdiyi Naxçıvan tapıntısı hələ e.ə. V minillikdə bu ərazidə filizçıxarma və mis metallurgiyasının mövcudluğundan xəbər verir. Sənayenin bu istiqamətdə inkişafı, şübhəsiz, sənətkarlığın müxtəlif sahələrinin, o cümlədən zərgərliyin yayılmasına təsir etməli idi. Ovçular təpəsindən aşkarlanmış qızıl boyunbağı bunu təsdiqləyən yeganə artefaktdır. Tapıntı ilə bağlı mütəxəssislər diskussiya aparırlar Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə jurnalistlərə müsahibəsində deyib: “Hər bir arxeoloji tapıntı aid olduğu dövr və mühit haqqında informasiya verir. Son illər Azərbaycan hökuməti tərəfindən arxeologiya elminə xüsusi diqqət yetirilir. Çünki arxeologiya tarix elmində ən əsas məqamları aşkar edir, həqiqətləri dövrümüzə gətirib çatdırır. Naxçıvanda Eneolit dövrünə aid aşkar edilmiş zinət əşyası ilə bağlı mütəxəssislər diskussiya aparırlar. Bu eksponat dəqiq öyrənilməli, onun izahı, təsviri verilməlidir. Alimlər arasında da geniş müzakirələr aparılıb. Sonra biz bu istiqamətdə, əlbəttə ki, elmi mətbuatda da çıxış edəcəyik”. Akademik Akif Əlizadə Azərbaycanın arxeologiya elminin uğurlarından da söz açaraq deyib: “Bu gün xarici ölkələrin arxeoloqları, tarixşünasları Azərbaycan arxeologiyasına böyük maraq göstərirlər. Bu marağın nəticəsi odur ki, Yaponiyanın, Fransanın, Hollandiyanın, Almaniyanın və Avropanın digər ölkələrinin arxeoloqları Azərbaycan arxeoloqları ilə birgə çalışırlar. Azərbaycanın müxtəlif bölgələrində aparılan tədqiqatlar ölkəmizin qədim bir diyar olduğundan xəbər verir. Bu, Azərbaycanın bugünkü geosiyasi vəziyyətdə əhəmiyyətinin çox böyük bir hissəsidir. Bu uğur münasibətilə hər kəsi təbrik edirəm”. Xatırladaq ki, Heydər Əliyev Mərkəzində daimi nümayiş olunan “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ölkəmizin mədəniyyətinin, milli-mənəvi sərvətlərinin, adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunub. Sərgidə 200-dən çox eksponat – Mezolit, Tunc dövrünə aid Qobustan qayaüstü rəsmlərindən nümunələr, e.ə. III-I minilliklərə aid arxeoloji tapıntılar, XVIII-XIX əsrə aid silahlar, misgərlik və zərgərlik məmulatları, milli geyimlər, xalçalar, musiqi alətləri və s. təqdim edilir. Ziyarətçilər bu tarixi eksponatlar sırasında artıq Cənubi Qafqazın ən qədim zinət əşyası ilə də tanış ola bilərlər.
 
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm. Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur. Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbət bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir. Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qaçılmaz şəkil aldığı indiki dövrdə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır. Novruzun ümumdünya qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur. Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernləşmə mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilləri yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqatı ilə həmahəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gəlişinə xüsusi məna qazandırır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq. Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin. Novruz bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 mart 2018-ci il.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 5 > 1733
  TKA 2008