TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Bakıda Türkmənistanın milli bayramı qeyd edilib
Noyabrın 16-da Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirildikdən sonra səfir Mekan İşanquliyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O deyib ki, Türkmənistan Prezidenti birlik, sülh şəraitində gələcək qurmağa çalışır. Dövlət başçısı xarici siyasətin inkişafına xüsusi diqqət yetirir. Digər ölkələrlə bütün sahələrdə əlaqələr inkişaf edib. Türkmənistan ilə Azərbaycanı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləyən səfir qeyd edib ki, bu əlaqələrin yaradılmasında iki xalqın əsrlər boyu davam edən mədəni, milli ənənələrinin böyük rolu var. Diplomat ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində dövlət başçılarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin yaşandığını vurğulayan səfir bunun siyasi, humanitar, iqtisadi, mədəni sahələrdə də özünü göstərdiyini deyib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını, enerji və nəqliyyat sahələrində regional, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirib. Azərbaycan hökuməti adından Türkmənistan xalqını əlamətdar bayram münasibətilə təbrik edən gənclər və idman naziri Azad Rəhimov ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdirildiyini söyləyib. O, ölkələrimizi dostluğun, qarşılıqlı faydalı əməkdaşlığın birləşdirdiyini vurğulayıb. Nazir istifadəyə veriləcək yeni dəniz limanlarının, eləcə də həyata keçiriləcək digər layihələrin ölkələrimizin iqtisadi-siyasi əhəmiyyətinin artmasına gətirib çıxaracağını vurğulayıb. Azad Rəhimov bu ilin sentyabr ayında Aşqabadın qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarına uğurla ev sahibliyi etdiyini söyləyib. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
 
Elmar Məmmədyarov: “Minsk qrupunun həmsədrləri ilə danışıqlardan razı qaldım”
“ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv keçdi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik”. Bu fikirləri Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşdən sonra AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, görüşdə danışıqları ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin dekabrın əvvəllərinə nəzərdə tutulmuş Vyana görüşü çərçivəsində davam etdirmək barədə qərar qəbul edilib. “Prinsip etibarı ilə ideyalar var. Həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər. Mənə həmişə sual verirlər ki, hansı plan üzrə işləyirik? Cavab verirəm ki, Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Təbii ki, onların bir hissəsi həmsədrlərin dediyi 6 bəndən ibarət təkliflərdir. Onlar məlumdur və siz onlara baxa bilərsiniz. Biz bu gün təfərrüatlar üzərində işlədik. Budəfəki görüş göstərdi ki, biz, yəni, Azərbaycan tərəfi və həmsədrlər bir müddətdir yerində sayan danışıqlar prosesini irəli aparmaqda qətiyyətliyik”, -deyən E.Məmmədyarov bildirib. Nazir vurğulayıb ki, danışıqların irəliləməsinə mane olan məqamlar da var: “Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə mane olan məqamlar var. Ancaq ümid həmişə var. Bu gün həmsədrlər işə olduqca ciddi yanaşdılar. Dedilər ki, biz turist deyilik. Bizə ciddi danışıqlar lazımdır, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Axı nə qədər bəhanələr gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər ki, polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuza qədər davam edəcək? Xeyr. Bu, real deyil. Alternativ hamıya məlumdur. Ancaq bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşmalar baş versin. Əlbəttə, boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, irəli getmək lazımdır”. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri həmsədrlərlə Vyanada keçiriləcək görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünün müzakirə ediləcəyini bildirərək deyib: “Bu gün həmsədrlərlə müzakirə olunmuş məsələlər Ermənistan tərəfi ilə də müzakirə edildikdən sonra prezidentlərə görüş barədə məlumat veriləcək”. ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrini geri çağırması məsələsinə aydınlıq gətirən nazir deyib: “Həmsədrlik formatının dəyişməsinə inanmıram, çünki amerikalı həmsədr öz vəzifəsinə çox ciddi yanaşır. Bir müddət əvvəl belə söhbətlər var idi. ABŞ Dövlət Departamentində bəzi vəzifələrin ixtisara salınması barədə müzakirələr gedirdi. Ancaq bugünkü görüşə amerikalı həmsədr tək deyil, öz köməkçisi ilə gəlmişdi. Bu, onu göstərir ki, ABŞ tərəfi işə ciddi yanaşır”.
 
Ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrin sabitliyinə və təhlükəsizliyinə öz müsbət təsirini göstərəcək
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir layihədir. Uzunluğu 850 kilometr olan bu yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, bu yol həmçinin Cənubi Qafqaz ərazisindən keçən Böyük İpək Yolu xətti üzərində yerləşən bütün ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu yolboyu yerləşən ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiya yatırımları artacaq, turizmin inkişafı üçün əlverişli şərait yaranacaq və iqtisadi əməkdaşlıq genişlənəcək. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu transkontinental layihə olduğu üçün və Azərbaycanın bu coğrafiyada strateji əhəmiyyət kəsb edən bir məkan kimi səciyyələndiyi üçün ölkəmizin geosiyasi əhəmiyyəti də artacaq. Bu baxımdan BTQ dəmir yolunun işə düşməsi ölkələrin sabitliyinə və təhlükəsizliyinə də öz müsbət təsirini göstərəcək. Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mansur Barxudarov deyib. “Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı “Şərq-Qərb” nəqliyyat dəhlizinə “Şimal-Cənub” nəqliyyat dəhlizinin də qovuşması üçün əlverişli şərait yaradacaq. Belə ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və oradan da Avropa ölkələrinə açılan bu dəhlizin Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə və oradan da Avropa ölkələrinə açılan dəhlizin qovuşması məhz Azərbaycan məkanında baş verir və bu amil də ölkəmizin geoiqtisadi əhəmiyyətini artırır”, - deyə M.Barxudarov bildirib. Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi əhəmiyyətindən danışan M.Barxudarov qeyd edib ki, bu yolun istifadəyə verilməsi nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə-Naxçıvan arasında qarşılıqlı ticarət və investisiya əməkdaşlığı genişlənəcək, Çin və Avropa ölkələri arasında, habelə Hindistan və Avropa ölkələri arasında “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizində mərkəzi həlqə kimi, yəni beynəlxalq nəqliyyat qovşağı kimi çıxış edən Azərbaycanın gəlirləri ilbəil artacaq; Azərbaycanda turizm xidmətləri bazarının ölçüləri genişlənəcək.
 
Qubadlının işğalından 24 il keçir
Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 24 il keçir. 1993-cü il avqustun 31-də ermənilər Qubadlını işğal etməklə Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan vurdular. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan çox iridiametrli ağac təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-dək mədəni-maarif müəssisəsi olub, 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşüblər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qoruyublar. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təklənib və müdafiəsiz qalıb. Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanıb, əlil olub. Əhalinin yurd-yuvası talanıb, Qubadlı şəhəri və 94 kənd yerlə-yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. İyirmi iki mindən çox qubadlılı məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır. Azərbaycan dövləti Qubadlıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.
 
Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi: tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı hazırladığı məqalədə ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir. Ortaq soykökü, birgə tarix, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan müasir dövrdə Avrasiya məkanında müstəqil siyasət yeridən lider dövlətlərdir. Hər iki ölkə mühüm geostrateji mövqeyə, zəngin enerji resurslarına malikdir, enerji və nəqliyyat qovşaqlarının üzərində yerləşir və tarixən harmonik multikultural mühitlə fərqləniblər. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan Azərbaycan üçün Şərqə doğru mühüm dəhliz, Azərbaycan isə Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan qapıdır. Bir çox analitiklər Avrasiya regionunda strateji əhəmiyyətinə görə Qafqaz, Mərkəzi Asiya və Balkanları bərabər tuturlar. Bu bölgələr geosiyasi çəkisinə, eləcə də fərqli sivilizasiyaların kəsişmə mövqeyində yerləşməsindən irəli gələn coğrafi əhəmiyyətinə görə fərqlənirlər. Təsadüfi deyil ki, qlobal geosiyasi mühitdə transformasiyaların getdiyi yeni dünya nizamında hər üç region qaynar bölgə hesab olunur və bu bölgələrdə etnik-dini münaqişələr davam edir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionlarda milli maraqlara söykənən müstəqil siyasət yeritmək olduqca çətindir. Sovetlər İttifaqının dağılmasından sonra əsrin dörddəbirini geridə qoyan Azərbaycanın və Qazaxıstanın müstəqil dövlət olaraq formalaşmasının ağırlığı, ilk növbədə, siyasi liderlərin çiyinlərinə düşmüşdür. Məhz Heydər Əliyev dühasının və Nursultan Nazarbayevin uzaqgörən siyasəti hesabına hər iki respublika beynəlxalq aləmdə müstəqil dövlət kimi mövqelərini ortaya qoya bildilər. Ümumiyyətlə, hər bir xalqın həyatında taleyüklü şəxsiyyətlərin mühüm rolu olmuşdur. Əgər ingilislər üçün bu şəxsiyyət Uinston Çörçill, amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, ruslar üçün I Pyotr, çinlilər üçün Mao Tsze Dun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün ulu öndər Heydər Əliyev, qazaxlar üçün isə Nursultan Nazarbayevdir. Hər iki lider, eyni zamanda, türk dünyasının inteqrasiyası yolunda da tarixi missiyaları ilə yaddaşlara yazılıb. 2017-ci il Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik tarixi ilə əlamətdardır. Bu 25 illik tarixi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Nursultan Nazarbayevin əsasını qoyduqları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən dostluq və qardaşlıq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2005-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalamaqla ölkələrimiz təbii strateji tərəfdaşlığını rəsmiləşdirmişdir. Hazırda Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ali və yüksək səviyyədə davamlı olaraq qarşılıqlı səfərlər, müxtəlif tədbirlərdə görüşlər həyata keçirilir. Sonuncu dəfə cari ilin aprel ayında Qazaxıstan Respublikası Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfəri münasibətlərimizin daha da dərinləşməsinə və konkret sahələr üzrə yeni əməkdaşlıq sahələrinin müəyyənləşməsinə güclü təkan vermişdir. Hər iki ölkə ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq və regional təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. Hətta fərqli siyasi və iqtisadi birliklərdə təmsil olunsalar belə qarşılıqlı dəstəyi nümunəvi adlandırmaq doğru olar. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Qazaxıstanın göstərdiyi prinsipial mövqe olduqca böyük əhəmiyyət daşıyır. Nursultan Nazarbayevin Moskvada keçirilən Avrasiya Ali İqtisadi Şurasının zirvə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması zamanı bu ittifaqın sərhədlərinin dəqiqləşdirilməsinin vacibliyi ilə bağlı nümayiş etdirdiyi mövqe bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi qüvvələrinin təxribatı nəticəsində baş verən hadisələr zamanı Qazaxıstan ictimaiyyətinin sosial şəbəkələr və mətbuat vasitəsilə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi iki qardaş xalqın hisslərinin təbii ifadəsi kimi qəbul olunur. Azərbaycan və Qazaxıstan artıq dünya miqyasında etibarlı tərəfdaş kimi tanınırlar. Müxtəlif beynəlxalq layihələrin iştirakçısı və müəllifi olan ölkələrimiz daim öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Buna görə də hər iki ölkəyə qlobal müstəvidə böyük inam və etimad vardır. Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, Qazaxıstanın isə 2017-2018-ci illərdə bu mötəbər mövqeyə layiq görülməsi ölkələrimizə böyük inamın bariz nümunəsidir. Bu, cəmi 25 il ərzində beynəlxalq münasibətlər sisteminin müstəqil üzvü olan iki qardaş dövlətin zəfəridir. Hər iki ölkə türkdilli xalqların inteqrasiyası istiqamətində də birgə addımlayır. Azərbaycan Qazaxıstan, Türkiyə və Qırğızıstanla birgə 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşü zamanı əsası qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçisidir. Eyni zamanda, ölkələrimiz türkdilli ölkələr arasında parlament diplomatiyasının, elmi, mədəni əməkdaşlığın gücləndirilməsini ortaq tədqiqatların və layihələrin həyata keçirilməsini istiqamətləndirən Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası çərçivəsində fəal iştirakçılardır. Fikrimcə, Qazaxıstanda latın qrafikasına keçidlə bağlı qəbul edilən qərar humanitar sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir. Türk Şurasının artıq 3 üzvünün latın qrafikasında əlifba sistemindən istifadəsi gələcək nəsillərin qarşılıqlı anlaşmasını daha da intensivləşdirməyə xidmət edəcəkdir. Azərbaycan və Qazaxıstan bütün dünyada fərqli dəyər daşıyıcılarının birgəyaşayışının uğurlu nümunəsi kimi tanınırlar. Şərqlə Qərbin, Şimalla Cənubun, İslamla xristianlığın kəsişməsində yerləşən Azərbaycan və Qazaxıstan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirir. Hər iki ölkədə çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Digər tərəfdən, artıq dünyada monokultural və monoetnik cəmiyyət və ölkə anlayışı qəbul olunmur. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Müasir dünyanın daha çox müxtəlif dinlərin, mədəniyyətlərin və ümumilikdə fərqliliklərin toqquşması ilə müşayiət olunduğunu nəzərə aldıqda, tolerantlıq və harmoniyaya söykənən bir həyat tərzinin dövlət siyasəti kimi dünyada təqdimatı olduqca aktualdır. Hazırda dünyada mədəniyyətlərin barışmazlığı, İslam aləmində müxtəlif məzhəb və təriqətlər arasında mübarizənin artması, Qərb-İslam münasibətlərinin kəskinləşməsi və müxtəlif fobiyaların güclənməsi fonunda həm Azərbaycan, həm də Qazaxıstan mədəniyyətlərarası dialoqa töhfə vermək üçün addımlar atır. 2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2016-cı ildə isə Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilmiş, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Qazaxıstanda da Dünya və Ənənəvi Din Liderlərinin qurultayları, Mənəvi Mədəniyyət üzrə Dünya Forumu kimi dinlər və sivilizasiyalararası dialoqa çağırış edən mötəbər tədbirlər keçirilir. Bütün bunlar ölkələrimizin dünyada sülh, barışıq və birliyə çağırışının göstəricisidir. Həm Azərbaycan, həm də Qazaxıstan “həmrəylik nümunəsini” bütün dünyaya, o cümlədən İslam aləminə çatdırır. Yüksək səviyyəli siyasi münasibətlərimiz iqtisadi əməkdaşlığımızın daha da dərinləşdirilməsinə yeni imkanlar açır. Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan və Qazaxıstanın tranzit mövqeyi və müvafiq kommunikasiya infrastrukturu Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizə üstün mövqe qazandırır. Hazırda Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan kəməri, eləcə də dəmir yolu vasitəsilə Avropaya nəql edir. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır. Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycandan Qazaxıstana 195 milyon ABŞ dolları, Qazaxıstandan Azərbaycana isə 68 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Keçən il iki ölkə arasında qeydə alınan 125 milyon dollarlıq ticarət dövriyyəsinin yaxın gələcəkdə bir neçə dəfə artırılması proqnozlaşdırılır. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Qazaxıstanda Aktau limanının yenidən qurulması Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizin qarşısında yeni imkanlar açır. Bundan əlavə, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra dəfələrlə artacaqdır. Azərbaycan və Qazaxıstanın strateji coğrafi mövqeyi ölkələrimizin iqtisadi əlaqələrinin çoxvektorlu olmasına şərait yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzərdən Avropaya doğru, Qazaxıstandan şərqə doğru neft və dəmir yolu xətləri isə Çin istiqamətində vahid dəhliz yaradır. Yeni minillikdə Çinin irəli sürdüyü və həyata keçirməyə başladığı “İpək Yolu İqtisadi Kəməri”nin Şərqlə Qərb arasında ən böyük qovşaq olması gözlənilir. “Bir kəmər-bir yol” təşəbbüsü adlandırılan bu dəhliz Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yeni istiqamətləri üçün mühüm perspektivlər vəd edir. Beləliklə, diplomatik münasibətlərin qurulduğu 25 il ərzində iki qardaş və dost ölkə olan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası siyasi, iqtisadi, ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışlar. Türk dünyasının bu iki yüksələn ulduzu gündən-günə bütün dünyada böyük hörmətlə qarşılanır və etibarlı tərəfdaş kimi tanınır. Əsrin dörddəbiri ərzində keçilən yol qarşıdakı 25 ildə daha uğurlu əməkdaşlıq vəd edir.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 4 > 1712
  TKA 2008