TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki ölkə üçün mühüm tarixi hadisədir. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı” bu yatağın dünən imzalanmış Anlaşma Memorandumu ilə “Dostluq” adlandırılması dərin rəmzi məna daşıyır. Bu mənada Xəzər dənizinin “Dostluq” neft yatağı eyni soykökə malik bu ölkələr arasında formalaşmış dostluğun, qardaşlığın, birgə əməkdaşlığın və dialoqun simvoludur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, “Dostluq” neft yatağı 1989-cu ildə Azərbaycanın neftçiləri tərəfindən 4 kilometr dərinlikdəki layda kəşf olunub. Zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Bu baxımdan, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması özlüyündə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, tranzit kommunikasiyalarının inkişafı üçün yeni imkanların yaradılmasına yönəlib.

T.Cəfərova Azərbaycanın Xəzər dənizində hər zaman əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin formalaşmasına çalışdığını xüsusilə qeyd edib. Onun sözlərinə görə, ölkəmizin bu istiqamətdə səyləri müxtəlif vaxtlarda Azərbaycanla Qazaxıstan və Rusiya arasında sazişlərin imzalanması, eləcə də beştərəfli formatda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə aparılan proseslərə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi ilə bağlı sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib.

Deputat vurğulayıb ki, “Dostluq” yatağı Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənilməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. O deyib: “Anlaşma Memorandumu Xəzər dənizinin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihələr iki ölkənin, habelə qonşu ölkələrin enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə, eyni zamanda, ixrac üçün böyük imkanlar açır, ona görə də hər iki ölkənin xalqlarının rifahının yüksəlməsinə şərait yaradacaq. Həmçinin onu da qeyd etmək lazımdır ki, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.

Eyni zamanda, T.Cəfərova diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələri enerji mənbələrinin varlığını hökumət üçün siyasi vasitəyə çevirirlər. Bu gün dünyanın mövcud mənzərəsi və aparılan geniş təhlillər onu deməyə əsas verir ki, “enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq tarixdə qalır və “enerji resurslarının rasional idarə edilməsi siyasi bir vasitədir” ifadəsi daha düzgündür. “Azərbaycan da klassik yox, müasir dövrün tələblərinə uyğun olaraq ikinci yanaşmanı əsas tutur. Bu baxımdan, əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, rasionallıq, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”, - deyə deputat vurğulayıb.

 
Azərbaycan XİN Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib

Bakı, 22 yanvar, AZƏRTAC

İlk növbədə, onu vurğulamaq istərdim ki, bu il yanvarın 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnamə və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın KİV-in Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı sualına cavabında yer alıb.

Leyla Abdullayeva daha sonra bildirib: “Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnamədə Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə, isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki, qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır”.

 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 21-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda TÜRKSOY tərəfindən nəşr olunun Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab türk dünyasının ortaq irsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə alınıb.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın binasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında daimi istifadəyə verildiyini bildirib. Fondun prezidenti binanın rəsmi açılışının 2019-cu il oktyabrın 14-də Türkdilli ölkələrin Dövlət Başçılarının VII Zirvə toplantısı çərçivəsində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin və türkdilli beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə həyata keçirildiyini qeyd edib.

Günay Əfəndiyeva tədbir iştirakçılarını Azərbaycanın əzəli torpaqlarının geri qaytarılması ilə əldə olunan tarixi Qələbə münasibətilə təbrik edib və bu qələbənin yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına fəxarət hissi bəxş etdiyini vurğulayıb. O, həmçinin keçən ilin sonunda Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Natiq bildirib ki, Türk Şurasının Baş katibi Bağdad Amrayev və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun Azərbaycana səfəri çərçivəsində üç türkdilli beynəlxalq təşkilatın rəhbərləri bir sıra yüksək səviyyəli görüşlər keçirib, mühüm mövzularda müzakirələr aparıblar.

Fondun prezidenti Türk Şurasının, TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin və nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini bildirib. Günay Əfəndiyeva Azərbaycanın tarixi şəhərlərindən və qədim mədəniyyət mərkəzlərindən olan Ağdamın erməni vandalizminin qurbanı olduğunu, Füzulinin isə tamamilə dağıdıldığını qeyd edib.

Fondun prezidenti bildirib ki, “Korkutname” kitabının ilkin təqdimatı Füzuli şəhərində keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitabı Füzulinin işğaldan azad olunması münasibətilə Fonda hədiyyə edib. “Beləliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəhbər səviyyəsində Azərbaycanın bu qədim torpaqlarına ilk qədəm qoyan, TÜRKSOY isə ilk təqdimat mərasimi keçirən təşkilatlardır, “- deyə Günay Əfəndiyeva vurğulayıb.

Fondun prezidenti bu kitabın Füzulidə təqdimatının simvolik məna daşıdığını, türk dünyasının birliyini təcəssüm etdirən Dədə Qorqudun nəsihətləri ilə iki qardaş təşkilatın həmrəyliklərini bir daha nümayiş etdirdiyini bildirib. “Kitabın ön sözü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur və bu da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərir” – deyə G.Əfəndiyeva qeyd edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovu belə önəmli tədbiri təşkil etdiklərinə görə təbrik edib və bunun rəmzi məna daşıdığını vurğulayıb.

Mədəniyyət naziri 2020-ci ilin müstəqil Azərbaycan Respublikasının, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixinə ən unudulmaz və əlamətdar təqvim kimi həkk olunduğunu söyləyib. Azərbaycanın suverenliyinin bərpa olunduğunu, mədəni bütövlüyünün, coğrafi tamlığının təmin olunduğunu qeyd edən

Anar Kərimov deyib: “Təsadüfi deyil ki, türk folkloru tarixinin ifadə forması məhz dastan yaradıcılığıdır. İkinci Qarabağ müharibəsində Azərbaycanın apardığı haqq savaşında başda Türkiyə Cümhuriyyəti olmaqla bütövlükdə türk dünyası mənəvi həmrəylik göstərdi. Bərpa edəcəyimiz Qarabağda bu il Vaqif poeziya günlərini keçirəcəyik və bu ədəbiyyat festivalına əziz şairimiz Kənan Çarboğanı xüsusi dəvət edirik. Kənan Çarboğanın qələmə aldığı və TÜRKSOY-un dəstəyilə nəşr olunmuş “Korkutname” kitabı son 10 ildə işıq üzü görmüş xüsusi əhəmiyyətə malik kitablardan biridir. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan və digər türk xalqlarının ədəbi abidəsidir. Bu dastan tariximizin, milli kimliyimizin təzahüründə son dərəcə etibarlı və mötəbər mənbədir”.

Nazir, ulu öndər Heydər Əliyevin bu dastan haqqında söylədiklərini xatırladıb: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur. Onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır”. Bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən Bakı şəhərində 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb, parkın mərkəzində Dədə Qorqud abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Kənan Çarboğan tərəfindən dastanın 12 boyunun kəlmə-kələmə nəzmə çəkilməsi türk mədəniyyətinə təqdirəlayiq bir töhfədir. Kənan Çarboğanın ömrünün 10 ilini bu işə həsr etməsi onun bədii yaddaşımıza ehtiramıdır, sevgisidir, hətta bir yazıçı kimi öz soykökünə bağlılığıdır.

Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış edərək, tədbir iştirakçılarını Şanlı Qələbə münasibətilə təbrik edib, hər kəsi “Korkutnamə” kitabının təqdimatında görməsindən şad olduğunu bildirib. Baş katib mərasimin Bakıda- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. Kitab haqqında məlumat verən Düsen Kaseinov Türk Dünyasının ortaq dastanı olan Dədə Qorqudun ədəbiyyat xəzinəsinin zəngin sərvətlərindən olduğunu vurğulayıb.

Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmindən danışıb, tarixi yazılı abidə olan “Kitabi-Dədə Qorqud”la bağlı fikirlərini bölüşüb və bu istiqamətdə daha geniş tədqiqatların aparılmasının, gənclərin bu sahənin dərindən öyrənilməsinə cəlb olunmasının vacibliyindən söz açıblar.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

 
Şuşada yeni yarımstansiya tikilir

Bakı, 22 yanvar, AZƏRTAC

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq, işlər sürətlə davam etdirilir.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən “Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 kilometr məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 kilometr məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

Yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.

 
Azərbaycanın xarici işlər naziri Türkmənistanda səfərdədir

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

Səfər zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov nazir Ceyhun Bayramovu qəbul edib.

Habelə nazir Ceyhun Bayramovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 3 of 46
  TKA 2008