TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Çinin Sinxua xəbər agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Çin-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayaraq həmin səfərin çox yaxşı nəticələr verdiyini vurğuladı. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı qarşılıqlı ixracın artırılması üçün əməli işlərin aparıldığını dedi. Turizm sahəsində də əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, Çin vətəndaşları Azərbaycana elektron viza vasitəsilə rahat gələ bilərlər. Dövlətimizin başçısı turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunu qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin, eyni zamanda, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq etdiyini, Çindən Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılan məhsulların sayının və həcminin artdığını vurğuladı. Qəbula görə Çin nümayəndə heyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinq bunu Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi çox böyük önəmin göstəricisi kimi dəyərləndirdi. Hi Pinq Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Sinxua xəbər agentliyinin baş redaktoru, öz növbəsində, bildirdi ki, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü və orada imzalanan əməkdaşlıq sazişləri əlaqələrimizin inkişafına çox böyük təkan verib. O qeyd etdi ki, iki ölkənin dövlət rəhbərlərinin fəaliyyəti nəticəsində son illər Azərbaycan-Çin münasibətlərinin inkişafı uğurla davam edir. Ölkəmizdə keçirdiyi görüşlərdən danışan Hi Pinq Sinxua ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı. Qonaq Azərbaycanda çalışan Çin şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını da məmnunluqla qeyd etdi. Sinxua xəbər agentliyinin baş redaktoru Çinin “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha sürətlə inkişaf etdiyini bildirdi.
 
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
Azərbaycanda səfərdə olan Çinin Sinxua informasiya agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin keçmişi, bu günü və gələcəyi ilə bağlı geniş aspektli məsələlər müzakirə olunub. Xüsusən də iki ölkənin maraqlarının informasiya sahəsində təmin edilməsi, AZƏRTAC ilə Sinxuanın tərəfdaşlıq münasibətləri, gələcəkdə bu fəaliyyətin genişləndirilməsi, Çində Azərbaycan, ölkəmizdə isə Çin haqqında müxtəlif mövzularda daha çox informasiyanın verilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin qədim İpək Yolunun bərpasında, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Çinin iştirakı ilə bağlı ortaq maraqlar çərçivəsində məsələlərin dəstəklənməsində hər iki ölkənin milli agentliklərinin fəaliyyəti və digər mövzular müzakirə olunub. Əli Həsənov Çinin nümayəndə heyətinə Azərbaycanın tarixi, bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən dövlətimizin başçısının Çin Xalq Respublikasına son səfəri, bu səfər çərçivəsində Çinin dövlət başçısı Si Cinpin ilə keçirdiyi görüşlər və bu görüşlərdən sonrakı vəziyyət haqqında məlumat verib. Hi Pinq Azərbaycanda ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, bu səfərin ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfərindən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı daha da sürətlənib. Çin ilə Azərbaycanın beynəlxalq məsələlərdə ortaq maraqları olduğunu deyən Hi Pinq əlavə edib ki, bu baxımdan Sinxua AZƏRTAC ilə əməkdaşlığa çox böyük önəm verir. Əminik ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcək. Çin nümayəndə heyətinin rəhbəri, həmçinin Sinxua agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında informasiya sahəsində münasibətlərin digər aspektləri də müzakirə olunub.
 
Sinxuanın baş redaktoru Hi Pinq: AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir
Sinxua informasiya agentliyi Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan AZƏRTAC-dan alır. İki agentlik arasındakı əməkdaşlıq müqaviləsi informasiya mübadiləsini daha da genişləndirmək və birgə layihələr həyata keçirmək üçün geniş imkanlar açır. Bu fikirlər Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyətinin AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşündə səslənib. Azərbaycanın və Çinin qədim tarixi əlaqələrə malik olduğunu deyən İdarə Heyətinin sədri Aslan Aslanov xalqlarımız arasında əlaqələrin dərinləşməsində hər iki ölkənin milli informasiya agentliklərinin böyük rolu olduğunu vurğulayıb. Qeyd olunub ki, AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik hazırda AZƏRTAC-ın sədri olduğu iki beynəlxalq təşkilatda - Dünya Xəbər Agentlikləri Konqresində və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edir. “Bu ilin iyununda Pekində Sinxuanın prezidenti Çay Mincao ilə görüşdə bir sıra əməkdaşlıq məsələlərini geniş müzakirə etdik. Bundan əlavə, orada Şanxay Əməkdaşlıq Təşkilatının birinci media sammiti çərçivəsində Sinxua ilə yeni əməkdaşlıq sazişi imzaladıq. Əminəm ki, bu, əlaqələrimizin inkişafı üçün yeni imkanlar açacaq”, - deyə Aslan Aslanov bildirib. Diqqətə çatdırılıb ki, Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün, həmçinin Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının həyata keçirilməsi informasiya sahəsində də əlaqələrin intensivləşməsini şərtləndirir. Bununla əlaqədar Sinxuanın təsis etdiyi “Bir kəmər – bir yol İqtisadi İnformasiya Tərəfdaşlığı” alyansına AZƏRTAC-ın da qoşulacağı və dünyanın hər yerindən xəbər təchizatçıları ilə informasiya mübadiləsi aparacağı qeyd olunub. AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verdiklərini deyən Sinxua agentliyinin baş redaktoru Hi Pinq ikitərəfli münasibətlərdəki dinamikliyi yüksək qiymətləndirdiklərini vurğulayıb. O, AZƏRTAC-ın informasiya təchizatçısı kimi inkişafının göz qabağında olduğunu söyləyib. “Sizinlə mənim Pekində imzaladığımız müqavilə informasiya mübadiləsini artırmağa yönəlib ki, bu da xalqlarımızın bir-birini daha yaxından tanımasına, ölkələrimizin iqtisadi və mədəni həyatındakı hadisələrin qarşılıqlı işıqlandırılmasına böyük töhfə olacaq”, - deyə Hi Pinq qeyd edib. Baş redaktor AZƏRTAC-ın OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi üçün irəli sürdüyü təklifləri Sinxuanın dəstəklədiyini bildirib. AZƏRTAC-ın Çin dilində informasiya yayımının onlar üçün önəmli olduğunu deyən Hi Pinq bu istiqamətdə də lazımi dəstək göstərməyə hazır olduqlarını söyləyib. Görüşdə birgə layihələrin reallaşdırılması, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın fəaliyyətinin artırılması, müasir medianın inkişaf meyilləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.
 
Azərbaycan Prezidenti: Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq
Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib. Türkiyənin böyük iqtisadi gücə malik ölkə olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin çox güclü orduya malik olduğunu da diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bu həm Türkiyə, həm də Azərbaycan üçün qürur mənbəyidir. “Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim”, - deyə Azərbaycan Prezidenti bildirib.
 
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ məsələsi Türkiyə üçün də eyni dərəcədə ağrılı problemdir
Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirib. Problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyənin sonadək dəstəkləməyə davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir”. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir. “Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 1 > 1744
  TKA 2008